Bakı Mühəndislik Universitetinin (BMU) rektoru, professor Havar Məmmədov ölkəmizdə səfərdə olan Pakistanın FAST Milli Universitetinin nümayəndəsi Summaira Sarfraz ilə görüşüb.
Görüşdə rektor Havar Məmmədov Azərbaycanla Pakistan arasında dostluq, qardaşlıq, strateji tərəfdaşlıq müstəvisində inkişaf edən əlaqələrin hazırkı vəziyyəti, bu münasibətlər fonunda bütün sferalar üzrə yeni mərhələyə qədəm qoyan əməkdaşlıqdan söz açıb.
Ərazilərimizin 20 faizinin 30 ilə yaxın müddətdə Ermənistan tərəfindən işğalı, həmçinin 44 günlük Vətən müharibəsi dövründə Pakistanın Azərbaycanın haqq işini birmənalı olaraq dəstəklədiyini vurğulayan rektor Prezident İlham Əliyev və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif arasında bu günlərdə Bakıda keçirilən görüşdə verilən bəyanatlara toxunub. Havar Məmmədov bu səfərin ölkələrimiz arasında strateji müttəfiqlik, dostluq və qardaşlıq əlaqələrinin əyani təzahürü olduğunu bildirib.
İkitərəfli münasibətlərin inkişafında təhsil sahəsinin də xüsusi çəkiyə malik olduğunu önə çəkən rektor FAST Milli Universitetinin BMU ilə əlaqələrin yaradılmasına göstərdiyi maraqdan məmnunluğunu söyləyib və potensial əməkdaşlıq üçün bir çox istiqamətlərin mövcudluğunu diqqətə çatdırıb.
Rektor gənc universitet olmasına baxmayaraq, ölkənin ali təhsil müəssisələri sırasında önəmli yer tutan BMU-nun təhsil mühiti, ingilis dilinə üstünlük verilən tədrisin təşkili, ixtisaslar, eyni zamanda beynəlxalq əlaqələr və s. məsələlər haqda qonağa geniş informasiyalar təqdim edib.
FAST Milli Universitetinin Elm və humanitar fənlər fakültəsinin dekanı Summaira Sarfraz ölkələrimiz arasında tarixən mövcud olan dostluq münasibətlərinin hazırkı səviyyəsinin məmnunluq doğurduğunu, tərəflərin beynəlxalq təsisatlarda müttəfiq olaraq bir-birini hər zaman dəstəklədiyini, həmçinin iki ölkə xalqlarının bir çox ümumi oxşar cəhətlərə malik olduğunu vurğulayıb.
Təmsil etdiyi universitetin tarixi, fəaliyyət istiqamətləri, tədris olunan ixtisaslar, tələbə kontingenti barədə ətraflı danışan Summaira Sarfraz əsasən informasiya texnologiyaları, mühəndislik, kompüter elmləri kimi texnoloji sahələr üzrə ixtisaslaşan FAST Milli Universitetinin BMU ilə potensial əməkdaşlığı üçün mümkün sahələri nəzərə çatdırıb.
Görüşdə tələbə mübadiləsi, elmi-tədqiqat, informasiya texnologiyaları, riyaziyyat, mühəndislik kimi sahələr üzrə əməkdaşlıq imkanları nəzərdən keçirilib və yaxın gələcəkdə qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əlaqələrin genişləndirilməsi razılaşdırılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi