Bakı Mühəndislik Universitetinin (BMU) rektoru, professor Havar Məmmədov ali təhsil müəssisəsində davam edən yaz semestrinin imtahan sessiyasının gedişini izləyib.
Rektor Havar Məmmədov imtahan suallarını nəzərdən keçirərək tələbələrlə səmimi söhbət edib, onların fikirlərini dinləyib. Tələbələrin biliyinin qərəzsiz və obyektiv qiymətləndiriləcəyinə əminliyini ifadə edən rektor onlara imtahanlarda, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Havar Məmmədov imtahan sessiyasının gedişinə operativ nəzarət etmək, həmçinin yarana biləcək şikayətlərin araşdırılmasını dərhal həyata keçirmək məqsədilə yaradılan Qərargah və Apelyasiya Komissiyasının fəaliyyəti ilə yaxından tanış olub, öz tövsiyələrini verib.
Bildirilib ki, imtahan sessiyanın tam şəffaf və qaydalara uyğun şəkildə aparılması məqsədilə auditoriyalarda lazımi şərait yaradılıb və bütün texniki tədbirlər yüksək səviyyədə icra olunub. Tələbələrin fənnlər üzrə imtahanqabağı ballarının BMU-nun Elektron Məlumat Sistemi vasitəsilə avtomatik hesablanması məqsədilə imtahana qədər əldə olunmuş bütün qiymətləndirmə məlumatları (dərsə davamiyyət, semestr daxili fəaliyyətlər, sərbəst iş, laboratoriya işi və kurs işi nəticələri) fənn müəllimləri tərəfindən sessiya başlayanadək sistemə tam daxil edilib.
İmtahan nəticələri imtahan keçirilən gün (müstəsna hallarda növbəti iş günü) fənn müəllimləri tərəfindən dərhal elektron sistemə daxil edilir.
Qeyd edək ki, BMU-da iyunun 1-də start götürən imtahan sessiyası 5 iyul tarixinədək davam edəcək. İmtahan sessiyasında ümumilikdə 1100 imtahanın keçirilməsi nəzərdə tutulub.
İctimaiyyətlə əlaqələr şöbəsi