Bakı Mühəndislik Universitetinin (BMU) Qadınlar Şurası növbəti yardım aksiyası keçirib. Belə ki, koronavirus pandemiyası (COVID-19) dövründə Xırdalanda yaşayan tənha və aztəminatlı ailələrə ərzaq və geyim yardımı göstərilib.
Aksiyanın keçirilməsinin məqsədi koronavirusun yayıldığı dövrdə yaşayışında çətinlik yaranan və ehtiyacı olan insanlara dəstək göstərməkdir.
Qadınlar Şurasının sədri Ətrabə Gül ailələrlə maarifləndirici söhbətlər apararaq onları vətəndaş məsuliyyəti nümayiş etdirməyə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə ciddi riayət etməyə çağırıb.
Yardım göstərilən ailələr yardıma görə minnətdarlıqlarını ifadə ediblər, eyni zamanda, Azərbaycan dövlətinin diqqət və qayğısını daim öz üzərlərində hiss etdiklərini vurğulayıblar.
Qeyd edək ki, BMU-nun Qadınlar Şurası fəaliyyətə başladığı dövrdən etibarən universitetin ictimai-sosial həyatında fəal iştirak edir, davamlı olaraq yardıma ehtiyacı olan ailələri müəyyənləşdirir və onlara yardımlar edir. Yaxın günlərdə də Qadınlar Şurası növbəti yardım aksiyasını keçirməyi planlaşdırır.
İctimaiyyətlə əlaqələr şöbəsi