OPTEC–Zeiss şirkətinin nümayəndələri Aleksandr Ulyanenko və Natalya Həmzəyeva Bakı Mühəndislik Universitetində olublar. Qonaqları qəbul edən universitetin rektoru, professor Havar Məmmədov BMU-nun maddi-texniki bazası və tədris fəaliyyəti haqqında ətraflı məlumat verib. Universitetin maddi-texniki bazasının zənginləşdirməsi məqsədi ilə keçirilən görüşdə tərəflər qabaqcıl texnologiyalar sahəsində tədris şəraitinin yaxşılaşdırılması və yüksək texnologiyalar mərkəzinin yaradılması məsələləri ilə bağlı konsepsiyanı müzakirə ediblər. Sonda qonaqlar BMU-nun texnoparkı, maddi-texniki bazası və tədris şəraiti ilə yaxından tanış olublar.
Qeyd edək ki, A.Ulyanenko OPTEC–Zeiss şirkətinin Yüksək Texnologiyalar və Nanometrologiya sahəsində inkişafı üzrə rəhbəridir və Böyük Britaniyanın mikroskopiya sahəsində Kral Asossasiyasının üzvüdür. Natalya Həmzəyeva isə həmin şirkətin Azərbaycan Respublikasında səlahiyyətli nümayəndəsidir. OPTEC-Zeiss (Almaniya) şirkəti elmi-analitik mikroskoplar sahəsində dünya liderirdir və 1846-cı ildə yaradılıb. 115 ildən artıqdır ki, MDB ölkələrində təmsil olunur və alimlər, tədqiqatçılar, müxtəlif istiqamətdə fəaliyyət göstərən mütəxəssislər arasında böyük nüfuza malikdir.