Mayın 17-də “Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü”nə həsr olunmuş tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə keçirilmiş “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”nın qalibləri mükafatlandırılıb.
Qeyd edək ki, olimpiadanın yarımfinal mərhələsi 27 aprel 2019-cu il tarixində Bakı Mühəndislik Universitetində keçirilib və yarımfinalda 24 ali təhsil müəssisəsindən 69 komanda (hər komanda 3 tələbə) iştirak edib. 17 ali təhsil müəssisəsinin ən yaxşı nəticə göstərmiş 1 komandası final mərhələsinə vəsiqə qazanıb.
Final mərhələsi 4 may 2019-cu il tarixində AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda keçirilib.
Olimpiada beynəlxalq “ACM ICPC” (Ali məktəb tələbələrinin beynəlxalq proqramlaşdırma müsabiqəsi) qaydaları üzrə keçirilib. Final mərhələsinin nəticələrinə əsasən, 1-ci yerə Bakı Mühəndislik Universitetinin “BEU Programmers” (Ülvi Aslanlı, Əyyub Nəcəfzadə, Nicad Hüseynov, komanda rəhbəri Etibar Seyidzadə) komandası layiq görülüb. 2-ci yerə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının “MSU_BAKU_3”, 3-cü yerə ADA Universitetinin “ADA-Firi-J”, 4-cü yerə isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “ADNSU 1” komandası layiq görülüblər.
Qaliblər (I-IV yerlər) “Azercell” operatoru və “BestComp Group” şirkətinin təqdim etdiyi qiymətli hədiyyələr, habelə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən Fəxri Fərman və diplomlarla mükafatlandırılıb.
Tədbirdə Milli Aviasiya Akademiyasının “NAA3”, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “DİA-1”, Bakı Ali Neft Məktəbinin “BHOS2”, Bakı Dövlət Universitetinin “BSU1” komandaları Fərqlənmə Sertifikatı ilə təltif olunublar.
Olimpiadanın yarımfinal və final mərhələlərinin keçirilməsinə texniki dəstəyə görə Bakı Mühəndislik Universitetinin əməkdaşları Əli Həsənov, Rauf Suleymanlı, Kamil Əhmədov Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təşəkkürnamə ilə təltif olunublar.