Bakı Mühəndislik Universitetinin (BMU) Azərbaycan dili və pedaqogika kafedrasının təşkilatçılığı ilə Nizami Gəncəvinin 880 illik yubileyi ilə bağlı seminar keçirilib.
Tədbir kafedra müdiri, dosent Emin Ağayevin moderatorluğu ilə baş tutub.
Açılış nitqi ilə çıxış edən Pedaqoji fakültənin dekanı, dosent Elşad Abdullayev ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi ili” elan edildiyini xatırladıb və Nazirlər Kabinetinin bununla bağlı tədbirlər planı hazırladığını diqqətə çatdırıb. O, çıxışında Azərbaycan poeziyasının böyük klassiki, Şərqin ən böyük şairlərindən biri Nizami Gəncəvinin yaradıcılığından bəhs edib.
Seminarın çox əhəmiyyətli mövzuya həsr olunduğunu bildirən adıçəkilən kafedranın professoru Akif Hüseynli Nizami Gəncəvi yaradıcılığının araşdırılmasının, gənc nəslə aşılanmasının əhəmiyyətini vurğulayıb.
Tədbirdə AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri, f.e.d., professor Seyfəddin Rzasoy “Nizami Gəncəvinin şərq ədəbi-estetik fikrinin inkişafında rolu” və AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov “Azərbaycan ədəbiyyatında Nizami Gəncəvi dühasından bəhs edən bədii əsərlərin miqyası” mövzularında məruzələrlə çıxış ediblər.
Çıxışlarda dahi mütəfəkkirin əsərlərindən danışılıb, nümunələr səsləndirilib. Xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş Nizami yaradıcılığının milli dəyərlərimizin və milli ədəbiyyatımızın gənclərə öyrədilməsi üçün əvəzsiz xəzinə olduğu bildirilib.
İctimaiyyətlə əlaqələr şöbəsi