Mayın 30-da Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) fondun yaradılmasının 20 illik yubileyi çərçivəsində həyata keçirilən tədbirlər planına uyğun olaraq tələbələr arasında keçirilmiş “Uğurlu səhm seçimi” (“Stock Pitch”) müsabiqəsinin final mərhələsi baş tutub.
Müsabiqədə iştirak üçün 11 universitetdən 63 komanda müraciət edib. Mayın 24-də keçirilmiş yarımfinal mərhələsində iştirak imkanı əldə edən 8 komandadan 4-ü finala keçib. Müsabiqə zamanı komandaların təqdimatları, investisiya seçimi və analitik təhlil bacarıqları, eyni zamanda, sual-cavab hissəsinə hazırlıqları münsiflər heyəti tərəfindən dəyərləndirilib.
Münsiflər heyətinin qərarı ilə “Stockholmers” (Bakı Mühəndislik Universiteti) komandası müsabiqənin qalibi olub. “Blue Chip” (Azərbaycan Dövlət İqtisad Universiteti), “Intangibles” (Xəzər Universiteti) komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerləri qazanıblar. Müsabiqə mükafatları I yer üçün 5000 AZN, II yer üçün 3000 AZN və III yer üçün 1000 AZN nəzərdə tutulub. Bununla yanaşı, finalda iştirak edən komandaların üzvlərinə sertifikatlar təqdim edilib və müsabiqədə fərqlənən iştirakçılar ARDNF-in müvafiq departamentində 1 aylıq təcrübə keçmək imkanı qazanıblar.
“Stock pitch” səhm üzrə investisiya ideyasının xülasəsidir. Bu yarışmada iştirakçı komandalardan əsas tələb müvafiq xüsusiyyətlərə uyğun səhmin seçimi, həmin səhm üzrə kəmiyyət və keyfiyyət göstəricilərini nəzərə alaraq təhlillərin həyata keçirilməsi və təhlilin nəticəsinin investisiya təklifi kimi inandırıcı şəkildə təqdim edilməsi olub.