Mühəndislik ixtisasları üzrə tam dövlət təqaüdlü beynəlxalq ikili diplom proqramı

24 İyul 2021
Mühəndislik ixtisasları üzrə tam dövlət təqaüdlü beynəlxalq ikili diplom proqramı

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində mühəndislik ixtisasları istiqaməti üzrə beynəlxalq ikili diplom proqramına növbəti qəbul prosesinə start verilir. İkili diplom proqramı Bakı Mühəndislik Universiteti (BMU) və Cənubi Koreyanın nüfuzlu ali təhsil müəssisəsi olan İnha Universiteti tərəfindən həyata keçirilir.

2021/2022-ci tədris ili üzrə ingilis dilində 4 il müddətində həyata keçiriləcək bakalavr proqramına İnformasiya texnologiyaları, İnşaat mühəndisliyi, Elektrik mühəndisliyi və Elektronika mühəndisliyi ixtisasları üzrə hər biri 25 nəfər olmaqla 100 nəfərin qəbul edilməsi nəzərdə tutulur.

3+1 modelinə əsaslanan proqramın 3 il müddətində BMU-da, 1 il müddətində isə İnha Universitetində tədrisi nəzərdə tutulur.

Təhsil müddətinin sonunda tələbələrə təhsil aldıqları ixtisas üzrə həm BMU, həm də İnha Universiteti tərəfindən bakalavr diplomları təqdim ediləcək. Proqramın məzunlarının qazanacağı bilik və bacarıqlar qeyd olunan 4 ixtisas üzrə mühəndislik sahələri, tədqiqat, beynəlxalq təhsil, təhlil və inkişaf sahəsini əhatə edəcək.

Təhsilalanların təhsil haqqı, qeydiyyat xərci, tədris materialları və elektron informasiya resurslarına çıxış xərcləri, habelə Cənubi Koreyada 1 illik təhsil və 3 həftəlik yay məktəbində iştirak xərcləri də “2019-2023 Dövlət Proqramı” tərəfindən qarşılanır.

Beynəlxalq ikili diplom proqramına qəbul Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən qəbul imtahanlarının (bakalavriat pilləsi üzrə) nəticələri və İnha Universiteti tərəfindən keçirilən daxili müsabiqə əsasında aparılır.

Ətraflı məlumatı  elandan əldə etmək mümkündür.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər