Bakı Mühəndislik Universitetinin (BMU) Mühəndislik fakültəsinin Logistika və nəqliyyat texnologiyaları kafedrasının müəllim və tələbələri Abşeron Logistika Mərkəzində olublar.
Mərkəzin idarə heyətinin sədr müavini Əfqan Məmmədov təmsil etdiyi qurumun yaranması, hazırkı fəaliyyəti və perspektiv inkişafı ilə bağlı geniş məlumat verib.
Bildirilib ki, 65,7 ha ərazini əhatə edən mərkəzin “Quru liman” qismində kompleks logistik xidmətlər, o cümlədən konteyner, vaqon, gömrük, broker, terminal, saxlanma, ofis icarəsi, nəqliyyat və 3PL xidmətləri göstərilir. Bununla yanaşı, idxal-ixrac və tranzit gömrük əməliyyatlarının bir pəncərə prinsipi ilə ərazidə yerləşən gömrük orqanları tərəfindən həyata keçirildiyi diqqətə çatdırılıb.
Görüş tələbələri maraqlandıran sualların cavablandırılması ilə davam edib.
Sonda tələbələr Abşeron Logistika Mərkəzinin anbar sahələri, terminallar, yükləmə-boşaltma postları, xidmət sahələrində görülən işlərlə yaxından tanış olublar. Onlara anbarların işi, sifarişlərin alınması və yerinə yetirilməsi, gömrük yoxlanışı, çeşidləmə işləri, həmçinin qatarların tərtibi, nəqliyyat sənədləşməsi barədə zəruri informasiyalar verilib.
İctimaiyyətlə əlaqələr şöbəsi