“Bakı Mühəndislik Universitetində (BMU) tələbələrlə işləməkdən olduqca məmnunam”.
Bunu İNHA Universitetinin Süni İntellekt Departamentinin əməkdaşı Yo Sung Kimb vurğulayıb. O, BMU-da tədrisi Koreya (Cənubi) Respublikası İNHA Universitetinin professor-müəllim heyəti tərəfindən aparılan “Yay məktəbi”ndə “Maşın öyrənməyə giriş” fənni üzrə dərs deyib.
Koreyalı müəllim fənn çərçivəsində tələbələrə maşın öyrənmənin gələcəkdə niyə vacib olduğunu aşıladığını, tələbələrə dəyərli biliklər vermək üçün əlindən gələni etdiyini bildirib. Bütövlükdə tələbələrin səviyyəsini yüksək qiymətləndirən Yo Sung Kimb “Yay məktəbi”nin müsbət tərəflərini qeyd edib.
BMU ilə İNHA arasında gerçəkləşdirilən ikili diplom proqramı çərçivəsində keçirilən və akademik ilin davamı olan yay tədris prosesi 3 həftə davam edir. Builki “Yay məktəbi”nə İNHA Universitetinin 15 nəfər professor-müəllim heyəti qatılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi