“Sahibkar-universitet” modelinin inkişaf etdirilməsi ilə bağlı Bakı Mühəndislik Universitetinin (BMU) Koreyanın müvafiq qurumları ilə əməkdaşlığı adıçəkilən ölkənin mətbuatında işıqlandırılıb ( https://bit.ly/3G61YuA).
Belə ki, məlumatda BMU-nun rektoru Havar Məmmədov və Koreyanın Hanbat Milli Universitetinin Sənaye-Universitet Əməkdaşlıq Fondunun vitse-prezidenti Jong-in Choi tərəfindən imzalanan “BMU ilə Hanbat Milli Universiteti arasında Qlobal Sahibkarlıq Təhsili Əməkdaşlığı üzrə Anlaşma Memorandumu”na xüsusi yer ayrılıb.
Bundan başqa, məqalədə Azərbaycanda innovasiya ekosisteminin inkişafı üzrə əməkdaşlığı dəstəkləyən Koreyanın Elm və Texnologiya Siyasəti İnstitutu (STEPI) ilə qururlan əlaqələr, AMEA Yüksək Texnologiyalar Parkı və STEPI-nin birgə həyata keçirdiyi “Azərbaycanda Yüksək Texnologiyalar Parkının istismar proqramı: tətbiq və potensialın artırılması” layihəsi (2022-2024) vurğulanıb.
BMU ilə Hanbat Milli Universiteti arasında imzalanan memorandum ali təhsil ocaqları arasında qlobal sahibkarlıq təhsili üzrə fəaliyyətin təşviqini nəzərdə tutur. Sənəd startap və texnologiyaların kommersiyalaşdırılması, məlumat və biliklərin mübadiləsi, qlobal sahibkarlıq təhsili əməkdaşlığı üzrə birgə beynəlxalq seminar və simpoziumların, həmçinin texnologiyanın kommersiyalaşdırılması üzrə təlimlərin təşkili və s. istiqamətləri ehtiva edir.
İctimaiyyətlə əlaqələr şöbəsi