Koreya dili kurslarını uğurla bitirən dinləyicilər sertifikata layiq görülüb

13 Yanvar 2021
Koreya dili kurslarını uğurla bitirən dinləyicilər sertifikata layiq görülüb

Sertifikat əldə edən dinləyicilər növbəti mərhələdə təhsil almaq şansı qazanıblar

Bakı Mühəndislik Universitetinin (BMU) nəzdində yaradılan Xırdalan Kral Seconq İnstitutunda cari tədris ilinin sentyabr ayından start verilən Koreya dili kurslarına qatılan dinləyicilər kursu başa vurub. Belə ki, onlayn və ödənişsiz formada təşkil olunan kursları müvəffəqiyyətlə bitirən 78 nəfər dinləyici Kral Seconq İnstitutunun (King Sejong Institute) rəsmi sertifikatına layiq görülüb.

Dərslər onlayn formada 10 sentyabr - 30 dekabr (15 həftə) müddətində davam edib. Sertifikat dərslərin 70%-dən çoxunda iştirak edən və imtahan nəticəsi 60 baldan yüksək olan dinləyicilərə təqdim edilib. Sertifikat əldə edənlər onu gələcəkdə Koreyada təhsil almaq və ya işə düzəlməkdə istifadə edə biləcəklər. Bununla yanaşı, kursun növbəti mərhələsində təhsil almaq istədikdə sertifikat alanlara üstünlük veriləcək. Növbəti kurslar isə fevral ayında başlayacaq. 

Xatırladaq ki, BMU və Koreyanın İnha Universitetinin arasında 2020/2021-ci tədris ilindən icrasına başlanılan ikili diplom proqramı üzrə əməkdaşlığın digər istiqamətlərindən biri kimi Xırdalan Kral Seconq İnstitutu 2020-ci ilin iyul ayında yaradılıb. İnstitutun yaradılmasında əsas məqsəd Koreya dilinin və mədəniyyətinin öyrədilməsi, həmçinin müəllimlərin, tələbələrin hərtərəfli inteqrasiya olunmalarına kömək göstərməkdir.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər