Bakı Mühəndislik Universitetinin (BMU) Dünya iqtisadiyyatı kafedrasının təşkilatçılığı ilə “İşğaldan azad olunmuş ərazilərin davamlı inkişafının perspektivləri” mövzusunda onlayn konfrans keçirilib.
Konfrans BMU-nun Dünya iqtisadiyyatı kafedrasının müdiri, i.ü.f.d., dosent Şəhriyar Muxtarov Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə qazandığımız tarixi qələbə münasibətilə təbriklərini çatdırıb, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa diləyib. Konfransın işğaldan azad olunmuş torpaqlarda bərpa strategiyasına həsr olunduğunu bildirən kafedra müdiri bu məsələlərin hansı mexanizm üzrə həyata keçiriləcəyinə aydınlıq gətirilməsinə ehtiyac olduğunu qeyd edib. O, bu məqsədlə müxtəlif ölkələrdə, əsasən də ABŞ-da fəaliyyət göstərən elm adamlarının müzakirəyə dəvət edildiyini sözlərinə əlavə edib.
BMU-nun Elmi işlər üzrə prorektoru, dos. Elçin Süleymanov uzun müddətdən bəri həsrətini çəkdiyimiz torpaqlarımızın işğaldan azad olunduğunu və tarixi anlar yaşadığımızı vurğulayıb. O, konfransdan əldə olunan biliklərin sistemləşdirilməsi və hökümətə təqdim edilməsinin mümkünlüyünü söyləyib.
Şimali Dakota Universitetinin maliyyə professoru Fariz Hüseynov konfransın çox vacib və əhəmiyyətli bir mövzuya həsr olunduğunu diqqətə çatdırıb. O, bölgə iqtisadiyyatının yenidən qurulması üçün planların hazırlanması, təhlükə yaradan bütün problemlərin aradan qaldırılması məsələləri barədə danışıb. Mülki əhali ilə yanaşı, ərazilərimizə də ciddi ziyanın dəydiyini qeyd edən professor zərərin hesablanmasının labüdlüyünü ifadə edib. F.Hüseynov ilkin mərhələdə işğaldan azad olunan ərazilərə gələcək insanların sayı, rabitənin qurulması, təhsil və səhiyyə xidmətlərinin aktivləşdirilməsi məsələlərinə toxunub.
BMU-nun Dünya iqtisadiyyatı kafedrasının dosenti, i.ü.f.d. Həzi Eynalov “İşğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatı sahəsinin inkişaf perspektivləri” mövzusunda geniş təqdimatla çıxış edib. O, çıxışında işğal olunmuş rayonların kənd təsərrüfatı potensialı, rayonlar üzrə prioritet istiqamətlər, işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatının inkişaf istiqamətində atılacaq ilkin və zəruri addımlardan bəhs edib. H.Eynalov kənd təsərrüfatının inkişafının meydana gətirəcəyi faydalardan söz açıb, bunun ölkəmizdə ərzaq təminatına və ərzaq təhlükəsizliyinin formalaşmasına xüsusi töhfə verəcəyini, yeni investisiyaların cəlb edilməsinə, həmçinin qeyri-neft ixracının və əkin dövriyyəsinin artmasına səbəb olacağını bildirib. Məruzəçi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının İraq və Əfqanıstanda kənd təsərrüfatı sahəsində həyata keçirdiyi layihələrdən də danışıb, eyni zamanda kənd təsərrüfatının inkişafına dair təkliflər səsləndirib.
Auburn Universitetinin dosenti, Dr. Samir Hüseynov müharibənin aktiv fazasının bitdiyini, passiv hərbi fazanın isə davam etdiyini bildirib. Münaqişənin yaratdığı dağıntılar və neqativ təsirlərə toxunan məruzəçi bölgədə iqtisadi siyasətin sülhün yaranması və bərqərar olması istiqamətində yönəlməli olduğunu bildirib.
UNEC Empirik Tədqiqatlar Mərkəzinin rəhbəri, i.ü.f.d. Xətai Alıyev “Vətən müharibəsinin əhalinin həyat məmnuniyyətinə gözlənilən təsirləri” adlı təqdimatla çıxış edib. O, davamlı inkişafın təmin olunmasında sosial faktorların əhəmiyyətli rolundan və vətən müharibəsinin təsirlərindən danışıb. Bildirib ki, vətən müharibəsində xalqın Prezident cənab İlham Əliyevin ətrafında daha sıx birləşməsi post-müharibə dövründə iqtisadi və siyasi islahatlara olan etimadını yüksəldəcək, həmçinin onların effektivliyini artıracaq.
Kornel Universitetinin Siyasi elmlər departamentinin dosenti, i.ü.f.d. Ceyhun Mahmudlu mövzunu konfliktologiya baxımdan təhlil edib.
Konfrans iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə sona yetib.
İctimaiyyətlə əlaqələr şöbəsi