Bakı Mühəndislik Universiteti və Koreya Respublikasının İNHA Universiteti arasında icra edilən ikili diplom proqramının (BMU-İNHA İDP) “İnşaat mühəndisliyi” ixtisasının II, III kurs tələbələri ilə inşaat mütəxəssislərinin görüşü təşkil olunub. Görüşdə əsas məruzəçi kimi adıçəkilən proqramın, eləcə də BMU-nun məzunları iştirak ediblər.
“İnşaat mühəndisliyi: Nəzəriyyədən sahəyə” mövzusuna həsr olunan tədbirdə açılış nitqi ilə çıxış edən BMU-İNHA İDP-nin direktoru Humay Cəfərli belə bir formatda reallaşan görüşün önəminə diqqət çəkib. Eyni zamanda tədbirin təhsil alanların peşəkar sahədəki biliklərini praktik nümunələrlə zənginləşdirməyə və onlara real iş mühiti haqqında ətraflı məlumatlar çatdırmağa xidmət göstərdiyini bildirib.
Sonra BMU-İNHA İDP-nin məzunu, tanınmış “SeaBreeze Construction” şirkətinin sahə mühəndisi Aysel Həsənova təqdimatla çıxış edərək, inşaat mühəndisinin həm sahədə, həm də ofisdəki öhdəlikləri, müxtəlif iş bölgüləri və mühəndisin gündəlik fəaliyyəti haqqında tələbələrə ətraflı məlumat verib. Mütəxəssis tikinti prosesində mərhələli işlər olan dəmir-beton, izolyasiya, fit-out və s. barədə zəruri məqamları diqqətə çatdırıb, tələbələri real inşaat layihələri ilə tanış edib. Eləcə də Azərbaycanın tanınmış tikililərinin inşasında qarşıya çıxan maraqlı faktlara, praktiki nüanslara toxunulub.
Görüşdə BMU-nun “İnşaat mühəndisliyi” ixtisasının digər məzunları- adıçəkilən şirkətin sahə rəisi Rauf Süleymanov, keyfiyyətə nəzarət üzrə mütəxəssisləri İsmayıl Əliyev, Cavid Əkbərov və “Nardaran Invest” MMC-də QA/QC mütəxəssisi kimi fəaliyyət göstərən Toğrul Teyyublu da öz iş təcrübələrini bölüşüblər.
Tədbirin davamında tikintidə keyfiyyətə nəzarətin əhəmiyyəti, beynəlxalq standartlara uyğunluğun, təhlükəsizlik qaydalarının təmin olunması, həmçinin texniki audit və sənədləşmə prosesləri də ətraflı izah edilib.
İnteraktiv şəraitdə keçirilən müzakirələrdə tələbələri maraqlandıran suallara aydınlıq gətirilib.
İctimaiyyətlə əlaqələr şöbəsi