“Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri ilə işlədikcə, onların həvəsi, marağı və dərs məzmununu öyrənmək istəkləri mənə dərindən təsir etdi”.
Bunu İNHA Universitetinin Elektrik və Elektronika Mühəndisliyi Departamentində assistent professor kimi fəaliyyət göstərən Gil Su Choi bildirib. BMU-da tədrisi Koreya (Cənubi) Respublikası İNHA Universitetinin professor-müəllim heyəti tərəfindən aparılan “Yay məktəbi”ndə ilk dəfə iştirak etdiyini deyən koreyalı professor iki universitet arasında icra olunan ikili diplom proqramının bir hissəsi olmaqdan qürur duyduğunu vurğulayıb: “BMU-İNHA ikili diplom proqramı tələbələrinin yaxşı potensialı var və onların parlaq gələcəklərinin olacağına inanıram. Bu proqramın davamlı olmasını və iki ali təhsil müəssisəsinin konstruktiv şəkildə qurulan çox yaxşı münasibətlər, habelə əməkdaşlıq əlaqələrinin güclənməsini arzu edirəm”.
BMU ilə İNHA arasında gerçəkləşdirilən tam dövlət təqaüdlü beynəlxalq ikili diplom proqramı çərçivəsində keçirilən və akademik ilin davamı olan yay tədris prosesi 3 həftə davam edir. Builki “Yay məktəbi”nə İNHA Universitetinin 15 nəfər professor-müəllim heyəti cəlb olunub.
3+1 modeli əsasında qurulan beynəlxalq ikili diplom proqramına bu il üçün 4 ixtisas - “Kompüter elmləri” (Süni intellekt mühəndisliyi), “Data analitikası” (Data elmləri), “İnformasiya texnologiyaları”, “Elektrik və elektronika mühəndisliyi” ixtisasları üzrə qəbul aparılır. Proqramla bağlı ətraflı məlumatı elandan əldə etmək mümkündür.
İctimaiyyətlə əlaqələr şöbəsi