Erasmus+ KA2 layihələri üzrə ekspert BMU-da olub

27 Noyabr 2019
Erasmus+ KA2 layihələri üzrə ekspert BMU-da olub

     Avropa İttifaqının Erasmus+ KA2 layihələri üzrə eksperti xanım Elen Enciso, Milli Erasmus+ Azərbaycan ofisinin rəhbəri Pərviz Bağırov və həmin ofisin əməkdaşı Zəfər Həsənov Bakı Mühəndislik Universitetində (BMU) olub.

     Qonaqlar öncə BMU-nun rektoru, professor Havar Məmmədov ilə görüşüb. Rektor universitetin yaranma tarixi və maddi-texniki bazası, həmçinin fəaliyyət göstərən fakültələr haqqında qonaqlara ətraflı məlumat verib. Beynəlxalq əlaqələrdən söz açan H.Məmmədov universitetin iştirak etdiyi proqram və layihələri diqqətə çatdırıb. O, həmçinin müəllim və tələbələrin müxtəlif beynəlxalq layihələrdə fəal iştirakını müsbət qiymətləndirib.

     Səmimi qəbula görə universitet rəhbərliyinə təşəkkür edən Elen Enciso səfərinin məqsədi haqqında məlumat verib. O, bildirib ki, Avropa İttifaqının marağı Şərq Tərəfdaşlığı ölkələrinin universitetlərinin beynəlxalq layihələrdə fəal iştirakını dəstəkləmək, Avropadan olan tərəfdaş universitetlərlə əməkdaşlığı inkişaf etdirmək və yaranan çətinliklərin həllinə çalışmaqdan ibarətdir.

     Sonra BMU-nun da tərəfdaş kimi iştirak etdiyi “Nəqliyyat xidmətləri üçün böhran və risklər mühəndisliyi (CRENG)” üzrə Erasmus+ KA2 layihəsinin Azərbaycandan olan tərəfdaşları ilə görüş keçirilib. Tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin Ali, orta ixtisas və əlavə təhsil sektorunun müdiri Yaşar Ömərov, BMU-nun professor-müəllim heyəti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Texnologiya Universitetinin əməkdaşları da iştirak ediblər.

     Görüşdə cari layihənin gedişatı, görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub.

     Sonra qonaqlar BMU-nun kampusu, Texnoparkı və universitetdə fəaliyyət göstərən laboratoriyalar ilə yaxından tanış olublar.

   Qeyd edək ki, BMU-nun aktiv iştirak etdiyi müxtəlif beynəlxalq proqramlar içərisində çoxluğu Avropa İttifaqının maliyyələşdirdiyi Erasmus+ KA2 layihələri təşkil edir. Hazırda universitetdə aktiv 5 Erasmus+ KA2 layihəsi icra olunur.

    CRENG Erasmus+ KA2 layihəsi və BMU-nun iştirak etdiyi digər proqram və layihələr haqqında ətraflı məlumatı aşağıdakı linklər vasitəsilə əldə etmək mümkündür:

    https://creng.eu/

    http://iro.beu.edu.az/az/

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər