Bakı Mühəndislik Universitetində (BMU) akademik heyət və universitet əməkdaşları üçün “Elmmetrik bazalar və profillərin yaradılması” mövzusunda növbəti interaktiv təlim təşkil olunub.
Elmi mövzularda təlimlərin təşkilinin müsbət tərəflərini vurğulayan universitetin elm və innovasiya məsələləri üzrə prorektoru Ağası Məlikov bu qəbildən olan silsilə tədbirlərin əməkdaşların elmi fəaliyyətində faydalı ola biləcəyinə əminliyini önə çəkib.
Təlimin həsr olunduğu mövzuya toxunan prorektor qlobal elmmetrik bazalardan istifadə zərurəti, elmi fəaliyyətin elmmetrik meyarlar əsasında qiymətləndirilməsi, elmi məqalələrin bu bazalarda yer almasının müəllif və təmsil etdiyi universitet üçün əhəmiyyəti kimi vacib nüansları diqqətə çatdırıb.
Təlimdə təqdimatla çıxış edən BMU-nun Elm və innovasiya şöbəsinin müdiri Mayis Əzizov “Elsevier”in ən böyük tezislər, sitat və istinad bazası olan “Scopus”, “Web of Science” platforması, müxtəlif nəşr formatları üzrə metadatanı indeksləşdirən, internet axtarış motoru “Google Scholar” kimi mənbələrdən istifadə qaydaları haqda ətraflı məlumat verib.
Təlimçi elmmetrik bazalara girişin təmin olunması, akademik sosial şəbəkələrdə profillərin yaradılması və idarə edilməsinə konkret nümunələr əsasında aydınlıq gətirib, həmçinin iştirakçıların mövzu ilə bağlı suallarını cavablandırıb.
Tədbir təlimçiyə təşəkkür sertifikatının təqdim olunması ilə başa çatıb.
İctimaiyyətlə əlaqələr şöbəsi