Elm və təhsil naziri Emin Əmrullayev Bakı Mühəndislik Universitetinin (BMU) yeni istifadəyə verilmiş tədris korpusu, burada yerləşən laboratoriyalar və universitetin Texnoparkı ilə tanış olub.
BMU-nun rektoru Yaqub Piriyev təhsil müəssisəsinin maddi-texniki bazası, elmi-tədqiqat fəaliyyəti barədə zəruri informasiyaları diqqətə çatdırıb. Rektor tədqiqatların səmərəli təşkili, texnoloji yeniliklərin mənimsənilməsi və tətbiqi məqsədilə araşdırmaların həyata keçirilməsi üçün mövcud ekosistem, universitet Texnoparkının fəaliyyətinin gücləndirilməsi, eləcə də nəzərdə tutulan hədəflər barədə naziri məlumatlandırıb.
Sonra nazir geniş maddi-texniki bazaya, müasir tələblərə cavab verən elmi-tədqiqat və tədris laboratoriyalarına, eyni zamanda tələbələrin əl işlərindən ibarət sərgiyə baxış keçirib. Universitet tələbələrinin müxtəlif yarışmalarda qazandığı nailiyyətlərlə tanış olan nazirə həyata keçiriləcək yeniliklər, gələcəkdə icrası nəzərdə tutulan layihələr haqqında məlumatlar tədqim olunub.
BMU-nun Texnoparkına da baş çəkən Emin Əmrullayev ümumilikdə tələbələrə geniş araşdırma imkanları yaradan laboratoriyaların fəaliyyətindən məmnunluğunu bildirib. Ali təhsil ocağının rektor və professor-müəllim heyəti ilə söhbət aparan nazir ali təhsilin bütün səviyyələri üzrə mühəndis kadrlarının hazırlığını, fundamental və tətbiqi elmi-tədqiqatlar aparan qabaqcıl ali təhsil müəssisəsinin qarşısında duran vəzifələri qeyd edib. Ali təhsilin inkişaf prioritetlərinə uyğun olaraq universitetdə tədris və təhsilin keyfiyyətinin daha da yüksəldilməsi, yeni ixtisasların açılması, infrastrukturun gücləndirilməsi məsələləri nəzərdən keçirilib.
BMU-nun daha da inkişaf edəcəyinə inamını vurğulayan nazir kollektivə uğurlar arzulayıb.
İctimaiyyətlə əlaqələr şöbəsi