“Elektrik mühəndisliyi” ixtisası üzrə tam dövlət təqaüdlü təhsil

20 İyul 2022
“Elektrik mühəndisliyi” ixtisası üzrə tam dövlət təqaüdlü təhsil

Bakı Mühəndislik Universiteti (BMU) ilə Cənubi Koreya Respublikasının İNHA Universiteti arasında ali təhsilin bakalavriat səviyyəsində 2022/2023-ci tədris ili üçün onlayn qeydiyyat prosesi aparılan mühəndislik ixtisaslarından biri də “Elektrik mühəndisliyi”dir.

“Elektrik mühəndisliyi” ixtisası enerji inkişafı və enerji istehsalı, elektrik ötürmə və paylama şəbəkələri, elektrik maşınları və güc elektronikasını əhatə edir. Eyni zamanda, bu ixtisas mexanika, elektronika, kompüter və rabitə mühəndisliyinin kəsişdiyi çoxsahəli bir tətbiq platformasını təşkil edir. Bu platforma müasir elektrik enerji sistemlərinin dizaynı, quraşdırılması, monitorinqi, nəzarəti, qorunması və idarə olunmasına səbəb olur.

İxtisasa yiyələnənlər ən kiçik cihazlardan böyük elektrik stansiyalarına qədər hər cür elektron cihazlarla yüksək səviyyədə işləmə bacarıqlarına sahib olurlar. Bununla yanaşı, “Elektrik mühəndisliyi” tələbələrə gələcəkdə bərpa olunan enerji, enerji paylama və saxlama şəbəkələrinin dizaynı və ya digər əsas infrastrukturlar üçün daha yaxşı idarəetmə sistemləri üzrə layihələrdə işləmək imkanı qazandırır. Proqramın məzunları elektrik mühəndisliyi, tədqiqat, beynəlxalq təhsil, təhlil və inkişaf sahəsində bacarıqlara da yiyələnəcəklər.

Qeyd edək ki, BMU-İNHA İDP-yə qeydiyyat prosesi üçün son tarix 10 avqust 2022-ci il saat 23:55 nəzərdə tutulub. Müraciətçilər sənədləri göstərilən tarixədək onlayn anket formasında təqdim edilməlidirlər. İngilis dilində 4 il müddətində həyata keçiriləcək bakalavriat proqramına "İnformasiya texnologiyaları", "İnşaat mühəndisliyi", "Elektrik mühəndisliyi" və "Elektronika mühəndisliyi" ixtisasları üzrə ümumilikdə 128 nəfərin qəbulu nəzərdə tutulur.

Proqrama qəbul Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən qəbul imtahanlarının (bakalavriat səviyyəsi üzrə) nəticələri və İNHA Universiteti tərəfindən keçirilən daxili müsabiqə əsasında aparılacaq. BMU-İNHA İDP-də Azərbaycan Respublikasının vətəndaşı olan və 2022-ci ildə DİM imtahanlarında iştirak etmiş 1-ci ixtisas qrupunun abituriyentləri və 400 və ya daha yüksək bal toplamış namizədlər iştirak edə bilər. Seçim nəticəsində 32 nəfər tələbə “Elektrik mühəndisliyi” ixtisası üzrə təhsil almaq hüququ qazanacaq.

Proqrama müraciət etmiş namizədlər BMU ilə İNHA Universitetinin birgə təşkil etdiyi yazılı keçiriləcək Riyaziyyat, Fizika və İngilis dili üzrə daxili imtahandan uğurla keçməlidir. Daxili imtahanda iştirak etmək üçün “onlayn anket formasını” dolduraraq tələb olunan sənədləri təqdim etməlidirlər.

BMU-İNHA İDP-yə qəbul üçün daxili imtahan avqustun 14-də keçiriləcək. İmtahan nəticələri isə avqustun 19-da elan ediləcək. Təhsil müddətinin sonunda tələbələrə İNHA Universiteti tərəfindən “Electrical Engineering”, Bakı Mühəndislik Universiteti tərəfindən isə “Elektrik və Elektronika Mühəndisliyi” ixtisasları üzrə bakalavr diplomları təqdim ediləcək.

BMU-İNHA İDP "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilir. 3+1 modelinə əsaslanan proqramın 3 il müddətində BMU, 1 il müddətində isə İNHA Universitetində tədrisi nəzərdə tutulur. Şərtlərə əsasən, BMU-da təhsil müddəti ərzində müvafiq dil bacarıqlarını formalaşdırmaq üçün Koreya dili dərsləri hər semestr tədris olunacaq və tələbələr “TOPİK” sertifikatı əldə etmək üçün 2-ci və 3-cü təhsil illərində imtahanlarda iştirak edəcəklər. Təhsilalanların təhsil haqqı, qeydiyyat xərci, Cənubi Koreyada 1 illik təhsil və 3 həftəlik yay məktəbində iştirak xərcləri, habelə tədris materialları və elektron informasiya resurslarına çıxış xərcləri “2019-2023 Dövlət Proqramı” tərəfindən qarşılanır. Proqramla bağlı ətraflı məlumatı elandan əldə etmək mümkündür.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər