Son dövrdə Koronavirus (COVİD-19 ) pandemiyasının nəticəsi olaraq insan həyatının, fəaliyyətinin əsas hissəsinin rəqəmsal mühitə çevrilməsi baş verdi. Ev ofisi, onlayn alış-veriş, sənədləşmə işi, təhsil - bütün bunlar bu gün məsafədən həyata keçirilir. Üstəlik, pandemiya səbəbi ilə ənənəvi universitetlər rəqəmsallaşdırmanı sürətləndirmək məcburiyyətində qaldı və onlayn formata keçdi.
Bakı Mühəndislik Universiteti (BMU) üçün belə bir keçid problemsiz baş verdi, çünki universitetdə artıq hazır infrastruktur var idi və yeniliklərin tətbiqinə çevik bir yanaşma tətbiq edildi.
BMU-nun elmi işlər üzrə prorektoru, dosent Elçin Süleymanov "Azərbaycan müəllimi" qəzetinə verdiyi müsahibəsində ali təhsil müəssisəsində məsafədən təhsilin tətbiqi barədə fikirlərinini bölüşüb.
-Hazırda Azərbaycan universitetlərində distant tədris davam edir. Müşahidələriniz necədir: Bakı MühəndislikUniversitetində bu proses nə kimi effekt verir?
-Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar olaraq Bakı Mühəndislik Universitetində (BMU) tədris prosesi məsafədən tədris platforması olan Google Classroom LMS (Learning Managament System) və ona bağlı Google-nin Hangouts video konfrans tətbiqi vasitəsilə uğurla həyata keçirilməkdədir. BMU tələbələrinin böyük əksəriyyətinin bu platformadan istifadəsi və onlayn tədrisə cəlb olunması təmin edilib. Universitetin Elektron İdarəetmə Sisteminin Google Classroom ilə inteqrə olması işimizi xeyli asanlaşdırıb. Çünki müəllim və tələbələrin aktiv korperativ mail istifadəetmə alışqanlığı elektron sistemin bir komponenti idi. Bizdə tələbələr dərs qeydiyyatından məzun olana qədər bütün prosesi Tələbə Məlumat Sistemi ilə təqib edirdi və universitet korporativ maili Gmail üzərindən olması bizim üçün Google Classroom LMS və Hangouts tətbiqini asanlaşdırıb.
- Prosesin əhatəliliyi barədə nə deyə bilərsiniz?
-Ümumilikdə, universitet üzrə dərslərin 86 %-i onlayn formada təşkil edilib və tələbələrin 82%-i bu dərslərdə iştirak edib. Belə ki, iqtisadiyyat və idarəetmə fakültəsi üzrə 230 dərs Google Classroom platformasında hazırlanıb və 1 həftə ərzində 200-ə yaxın onlayn dərs təşkil olunub ki, bu da açılan dərslərin 87%-ni əhatə edib. Classroom-da iştirak edən tələbə sayı 1467 nəfər (89%) olub. Mühəndislik fakültəsində 190 dərs Google Classroom platformasında hazırlanıb. Həftəlik keçirilən onlayn dərslərin sayı 180 olub ki, bu da açılan dərslərin 95 %-ni təşkil edib. Classroom-da iştirak edən tələbə sayı 2138 nəfər (86 %) olub. Pedaqoji fakültə üzrə 282 dərs Google Classroom platformasında hazırlanıb. Həftə ərzində 256 onlayn dərs keçirilib, bu da açılan dərslərin 91%-ni təşkil edib. Classroom-da iştirak edən tələbə sayı 4391 nəfər (77.5 %) olub. Memarlıq və inşaat fakültəsi üzrə 181 dərs Google Classroom platformasında hazırlanıb və son bir həftə ərzində 145 onlayn dərs keçirilib, bu da açılan dərslərin 80%-ni təşkil edib. Classroom-da iştirak edən tələbə sayı 620 nəfər (76 %) olub. Bu statistikaya görə əminliklə deyə bilərəm ki, tələbə və müəllimlərimizin əksəriyyətinin dərs prosesinə qoşulmasında ciddi bir problem yaşanmır. Çox az tələbəmizin dərsdə iştirak problemi yaranır. Fakültə və kafedraların məsul şəxsləri tərəfindən bütün dərslərə nəzarət olunur. Bununla yanaşı, onlayn dərsdə iştirak edə bilməyən tələbələri nəzərə alaraq dərslərin böyük əksəriyyətinin video qeydiyyatı aparılır. İnternet imkanları məhdud olan BMU tələbəri daha sonradan həmin dərs materiallarını izləmək imkanına malikdirlər.
-Tələbələriniz bu formatda təkcə dinləyicidir, yoxsa həm də dərslərə hazırlaşırlar?
- Tələbələrimiz müəllimin daha əvvəl müəyyənləşdirdiyi qrup təqdimatlarını dərsdə təqdim edə bilirlər. Çünki proqramda həm PowerPoint, həm də Youtube üzərində bağlantı paylaşma və dərsə inteqrə etmək mümkündür. Bu prosesdə, düşünürəm ki, tələbələrimiz daha aktivdir. Bir nüansı xüsusilə vurğulaya bilərəm. Universitetin Tələbə Elmi Cəmiyyəti son 10 gündə beşə yaxın online təlim təşkil edib və iştirakçılar, nəinki BMU tələbələri, eyni zamanda arzu edən digər ali təhsil müəssisələrinin tələbələri də bu təlimlərə böyük maraq göstərirlər. TEC hər həftə müxtəlif sahələrin mütəxəssislərinin iştirakı ilə ən az bir distant təlim keçırməyi planlayıb. Bu təlimlər tədqiqat metodları, xarici dil öyrənmə təlimləri, karyera təlimləri və s. istiqamətlidir. Eyni zamanda BMU Texnoparkının nəzdində fəaliyyət göstərən İnnovasiya şöbəsi hər axşam 19:00-da UniTalks distant vebinarlar keçirir.
Ümumiləşdirsək, biz bu prosesdə tələbələrin təhsildən və fərdi inkişafdan geri qalmamaları üçün əlimizdən gəldiyi qədər çalışırıq və müşahidəm odur ki, əksər tələbələr bu prosesdə həvəslə iştirak edir. Amma, eyni zamanda GSM operatorlarının tələbələrə yönəlik sürətli və endirimli internet paketləri təqdim etməsini tövsiyə edərdim. Eyni zamanda koronavirusdan dolayı sosial məsuliyyət addımı olaraq dünyanın məşhur universitet və platformları ödənişsiz bir çox online təlim verirlər. Tələbələrin bu fürsətlərdən istifadə etməsi də faydalı olardı.
Sonda bütün tələbələrimizə sağlamlıq diləyir və tezliklə onlarla BMU audutoriyalarında görüşməyi arzu edirəm.