Bakı Mühəndislik Universitetinin (BMU) Distant Təhsil və Keyfiyyətin Təminatı Mərkəzi “Google Classroom” virtual sinif tətbiqindəki məlumatların yoxlanılması məqsədilə monitorinq keçirib. 29 mart - 5 aprel tarixlərini əhatə edən monitorinq universitetin elektron təhsil platformasında tələbələr üçün təqdim olunan məzmunun keyfiyyəti ilə bağlı olub. Monitorinq ərzində müşahidə olunan irad və təkliflər keyfiyyətin artırılması üçün müvafiq bölmə strukturlarına çatdırılıb.
BMU-nun Distant Təhsil və Keyfiyyətin Təminatı Mərkəzi cari tədris ilinin əvvəlindən fəaliyyətə başlayıb. Mərkəzin əsas fəaliyyət istiqamətləri universitetdaxili distant təhsilin təşkili, həmçinin tədris və idarəetmə kimi sahələrdə göstərilən xidmət keyfiyyətinin artırılmasıdır.
Distant tədrislə bağlı müvafiq təlimatnaməyə əsasən müəlllimlərin qarşısında duran vəzifələrdən biri sillabus, onlayn mühazirə keçidi (Google Meet), mühazirə mətnləri və dərs vəsaiti kimi məzmuna aid məlumat və materialları ilk gündən, həmçinin dərslərin video qeydlərini də dərs başa çatdıqdan sonra elektron təhsil platformasına yerləşdirməkdir. Tədris ili ərzində distant tədrisin təşkili sahəsində mərkəzin qarşısında duran əsas vəzifələrdən biri “Google Classroom” virtual sinif tətbiqindəki məlumatların yoxlanılmasıdır.
Bununla yanaşı, semestrin əvvəlində mərkəz tərəfindən elektron təhsil platformasının məzmunu ilə bağlı standartlar və keyfiyyət göstəriciləri müəyyənləşdirilib, bu barədə kafedra və fakültələr üçün təlimatlar hazırlanaraq gərəkli maarifləndirmə işləri aparılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi