Bakı Mühəndislik Universitetinin (BMU) tərəfdaş kimi iştirak etdiyi “Nəqliyyat xidmətləri üçün böhran və risklər mühəndisliyi (CRENG)” üzrə Erasmus+ KA2 layihəsi çərçivəsində Azərbaycan Texniki Universitetində görüş keçirilib.
Görüşdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin sektor müdiri Yaşar Ömərov, BMU-nun Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsinin müdiri Arif Nəcimov, Magistratura və Doktorantura şöbəsinin müdiri, dosent Rauf Məmmədov, Mexanika mühəndisliyi kafedrasının dosenti Bəxtiyar Namazov, AzTU-nun və Azərbaycan Texnologiya Universitetinin əməkdaşları, həmçinin Milli Erasmus+ Ofisinin əməkdaşları - Zəfər Həsənov, Nailə Qasımova, Varşava Texnologiya Universitetinin Nəqliyyat fakültəsinin dekanı, professor Marianna Jacyna və CRENG Erasmus+ KA2 layihəsinin meneceri Dr. Konrad Levçuk iştirak ediblər.
Görüşün keçirilməsində məqsəd CRENG üzrə Erasmus+ KA2 layihəsinin icra olunmağa başladığı bir il ərzində görülmüş işlərin və qarşıda duran vəzifələrin, eyni zamanda çətinliklərin müzakirəsi və həlli yollarının tapılması olub. Qeyd olunub ki, layihənin icrası müddətində “Nəqliyyat logistikası” adlı yeni magistr proqramının tədris planları Avropa universitetlərinin, o cümlədən Almaniyanın Berlin Texniki Universiteti, Fransanın Hauts-de-Frans Politexnik Universiteti və Varşava Texnologiya Universitetinin müəllim və ekspertləri tərəfindən təkmilləşdirilib. Bununla yanaşı, ikili magistr diplom proqramlarının hazırlanması üçün imkanların mövcudluğu da vurğulanıb. Layihə çərçivəsində ikili magistr diplom proqramının hazırlanması üçün BMU-nun bütün maddi-texniki, həmçinin kadr potensialı var və bu istiqamətdə Varşava Texnologiya Universiteti ilə artıq ilkin razılıq əldə edilib.
Qeyd edək ki, BMU-nun aktiv iştirak etdiyi müxtəlif beynəlxalq proqramlar içərisində çoxluğu Avropa İttifaqının maliyyələşdirdiyi Erasmus+ KA2 layihələri təşkil edir. Hazırda universitetdə aktiv 5 Erasmus+ KA2 layihəsi icra olunur. “Azərbaycanda doktorantura təhsilinin Avropa ali təhsil müəssisələrinin tələblərinə uyğun yenidən qurulması və inkişaf etdirilməsi (NİZAMİ)” adlı Erasmus+ KA2 layihəsi isə cari ilin aprel ayında yekunlaşıb.
CRENG layihəsi və BMU-nun iştirak etdiyi digər proqram və layihələr haqqında məlumatı aşağıdakı linklər vasitəsilə əldə edə bilərsiniz:
İctimaiyyətlə əlaqələr şöbəsi