Bakı Mühəndislik Universitetində (BMU) tədris ingilis dilində aparılan ixtisaslara qəbulun dayandırılması haqqında sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir. Bu il tədris ingilis dilində aparılan ixtisasların yalnız 3-də qəbul bir il müddətinə dayandırılıb. Növbəti tədris ilindən universitet kadr potensialını, maddi-texniki bazanı gücləndirmək istiqamətində fəaliyyətini daha da artıraraq, bu ixtisaslar üzrə tələbə qəbulunun davam etdirilməsini planlaşdırır.
Məlumat üçün bildiririk ki, 2021-ci ilin qəbul planında BMU-nun ingilis dili bölməsinə 13 ixtisas üzrə 500 nəfərin qəbulu nəzərdə tutulub. Ümumilikdə cari ildə BMU-nun bakalavr pilləsinə 30 ixtisas üzrə 1180 nəfərin, magistratura pilləsinə 18 ixtisas üzrə 265 nəfərin qəbulu nəzərdə tutulur.
2021-ci ildə BMU-ya eyni zamanda, 5 yeni ixtisas üzrə - kompüter elmləri (bakalavr), elektroenergetika mühəndisliyi, nəqliyyatda daşınmaların və idarəetmənin təşkili mühəndisliyi, proseslərin avtomatlaşdırılması mühəndisliyi, memarlıq (magistratura) tələbə qəbulu həyata keçiriləcək.
Bununla yanaşı, BMU ilə Cənubi Koreyanın İnha Universiteti arasında ikili diplom proqramı çərçivəsində inşaat mühəndisliyi, informasiya texnologiyaları, elektrik mühəndisliyi və elektronika mühəndisliyi ixtisasları üzrə də tələbə qəbulu davam etdiriləcək.
İctimaiyyətlə əlaqələr şöbəsi