Bakı Mühəndislik Universiteti (BMU) ilə “Delta Qrup C.O.” MMC arasında qarşılıqlı əməkdaşlıq və gələcəkdə müvafiq memorandumun imzalanması məsələləri müzakirə olunub.
Bu məqsədlə BMU-da keçirilən görüşdə universitetin Müəssisələrlə əlaqələr və karyera departamentinin direktoru Gülçöhrə İbrahimova, Təcrübə şöbəsinin müdiri Həzi Qasımov və “Delta Qrup C.O.” MMC-nin Talantların idarəedilməsi, təşkilati öyrənmə, inkişaf üzrə bölmə müdiri Günel İsmayılova iştirak edib.
Görüşdə şirkətə gənc kadrların cəlb edilməsi, istehsal təcrübə proqramlarına dəstək, şirkətin potensial əməkdaşlarının BMU tələbələri üçün iş həyatı, xüsusi mövzular üzrə mühazirə, seminar, dəyirmi masalarda iştirak etməsi, həmçinin şirkət əməkdaşlarına universitet tərəfindən diplom və sertifikat təqdim ediləcək xüsusi ixtisasartırma proqramlarının təşkil olunması istiqamətlərində geniş fikir mübadiləsi aparılıb. Bununla yanaşı, həm bakalavr, həm də magistr səviyyəsində oxuyan və müvafiq sahələr üzrə araşdırma aparan tələbələrə bu işdə dəstək olunacağı da müzakirə edilib.
Qeyd edək ki, 1999-cu ildə təsis edilən “Delta Qrup C.O.” MMC hazırda öz fəaliyyət sahələri üzrə Azərbaycan bazarında əhəmiyyətli yer tutur. Yarandığı gündən dünya səviyyəsində tanınan şirkətlərlə və brendlərlə əməkdaşlıq edən şirkətdə yerli istehsalat və distribusiya kimi iki əsas fəaliyyət sahəsi mövcuddur.
İctimaiyyətlə əlaqələr şöbəsi