BMU tələbəsinin "Gənc Robotçu" layihəsi

23 Avqust 2024
BMU tələbəsinin "Gənc Robotçu" layihəsi

Azərbaycan Gənclər Fondunun “İdeyanı reallaşdır-2023” müsabiqəsinin qalibi olan "Gənc Robotçu" layihəsi üzrə təlimlər başa çatıb.  

Layihənin rəhbəri Bakı Mühəndislik Universiteti ilə Koreyanın İNHA Universiteti arasında icra olunan beynəlxalq ikili diplom proqramının (BMU-İNHA İDP) “İnformasiya texnologiyaları” ixtisasının 4-cü kurs tələbəsi Nihad Məhərrəmov layihə çərçivəsində keçirilən təlimlərdə mühəndislik sahəsinin cəmiyyətdəki rolu və əhəmiyyəti barədə danışıb.  O, gənclərə mühəndisliyin innovativ həllərin yaradılmasında və texnoloji inkişafın təmin edilməsində oynadığı əsas rol haqqında ətraflı məlumat verib.

Təlimlər çərçivəsində mühəndisliyin müxtəlif aspektləri, onun iqtisadiyyata və gündəlik həyata təsirləri mövzusunda müzakirələr aparılıb. Ümumilkdə təlimlərdə 30 gənc iştirak edib, onlara robotlaşdırma və dron texnologiyaları sahəsində ilkin biliklər verilib. 5 moduldan ibarət təlimlərdə iştirakçılar müvafiq texnologiyaların nəzəri əsasları ilə yanaşı, praktiki bacarıqlar da əldə ediblər.

Təlimlərin sonunda layihədə uğurla iştirak edən gənclərə sertifikatlar təqdim olunub.

Layihə Azərbaycanda gənclərin mühəndislik sahəsinə marağını artırmaq və onları bu sahədə bilik və bacarıqlar əldə etməyə təşviq məqsədi daşıyır.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər