Bakı Mühəndislik Universitetinin (BMU) “Kompüter elmləri” ixtisasının IV kurs tələbəsi Emil Hüseynov Qazaxıstan Respublikasının Aktau şəhərində keçirilən “TurkicSkills 2025-Peşə Bacarıqları Müsabiqəsi”ndə uğurla çıxış edərək türk ölkələrinin ən yaxşı gənc mütəxəssisləri sırasında yer alıb.
Azərbaycanı müsabiqədə layiqincə təmsil edən BMU tələbəsi “Veb Proqramlaşdırma” sahəsi üzrə III yeri qazanıb və bu nəticə ilə həm universitet, həm də ölkəmiz üçün mühüm nailiyyətə imza atıb.
“TurkicSkills” Türk Dövlətləri Təşkilatına üzv ölkələrin gənclərini bir araya gətirən, onların texniki və yaradıcılıq bacarıqlarını beynəlxalq standartlar səviyyəsində qiymətləndirən nüfuzlu yarışmadır. Mühəndislik, informasiya texnologiyaları, istehsal, robot texnikası və xidmət sahələrini əhatə edən yarışda iştirakçılar bir neçə gün ərzində real vaxtda proqramlaşdırma tapşırıqlarını yerinə yetirərək bilik, çeviklik və innovativ düşünmə qabiliyyətlərini sərgiləyiblər.
Qeyd edək ki, BMU tələbəsi Emil Hüseynov daha əvvəl “WorldSkills Azerbaijan” müsabiqəsində “Veb proqramlaşdırma” üzrə birinci yerin qalibi olub və bir sıra regional, eləcə də beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək hüququ qazanıb.
İctimaiyyətlə əlaqələr şöbəsi