Bakı Mühəndislik Universitetinin (BMU) Memarlıq və inşaat fakültəsinin Memarlıq ixtisasının 3-cü kurs tələbəsi İlkin Quluzadə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramında 2020-ci il üzrə “Fəal Koordinator” fəaliyyətinə görə sertifikatla təltif olunub.
İ.Quluzadəyə Təhsil Nazirliyi tərəfindən təşkil olunan tədbirdə sözügedən proqram çərçivəsində fəaliyyətinə görə sertifikat təqdim edilib.
Tədbirdə çıxış edən Təhsil Naziri Emin Əmrullayev könüllülük fəaliyyətinin tələbələrə qazandırdıqlarından danışıb. Nazir bildirib ki, könüllülük fəaliyyətinin gənclərimizin əsas fəaliyyət istiqamətlərindən birinə çevrilməsi sevindirici haldır. Təhsil naziri çıxışının sonunda “Bir” tələbə-könüllülərini təbrik edib və fəaliyyətlərində uğurlar arzulayıb.
Pandemiya dövründə könüllülərin aktiv fəaliyyətini diqqətə çatdıran təhsil nazirinin müavini Firudin Qurbanov könüllük fəaliyyəti əsasında qazanılan bilik və bacarıqların şəxsiyyət kimi formalaşmaqda mühüm rol oynadığını vurğulayıb.
Məlumat üçün bildirək ki, BMU tələbələri “Bir” Tələbə-Könüllü proqramında fəal iştirak edirlər. “Bir” Tələbə-Könüllü proqramı tələbələrin şəxsi inkişafı və asudə vaxtlarının səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərir. Könüllü olmaq istəyən tələbələr https://konullu.edu.az/ saytı vasitəsilə qeydiyyatdan keçə və proqrama qoşula bilərlər.
İctimaiyyətlə əlaqələr şöbəsi