Bakı Mühəndislik Universitetinin (BMU) İqtisadiyyat və idarəetmə fakültəsinin Mühasibat uçotu və audit ixtisasının (ingilis bölməsi) sonuncu kurs tələbəsi Nəzrin Məmmədova 2021-ci ilin universitet birincisi olub.
N.Məmmədova tədris aldığı müddətdə hər zaman öz aktiv fəaliyyəti ilə seçilib. “Grant Thornton Azerbaijan” audit şirkətində təcrübəçi kimi fəaliyyətə başlayan N.Məmmədova bir ay sonra iş təklifi alıb və hazırda həmin şirkətdə audit assistenti vəzifəsində çalışır. Daima üzərində çalışan BMU tələbəsi özünü həm elmi, həm praktiki cəhətdən də inkişaf etdirir. Bununla yanaşı, N.Məmmədova magistratura səviyyəsi üzrə qəbul imtahanı verərək yüksək nəticə göstərib və 81 bal toplayıb.
BMU tələbəsi hazırda sentyabrda keçiriləcək beynəlxaq mühasibatlıq sertifikatlarından olan ACCA (the Association of Chartered Certified Accountants) imtahanlarına hazırlaşır. O, eyni zamanda, bu yolda davam edərək ACCA üzvü olmağı qarşısına məqsəd qoyub.
Qeyd edək ki, orta məktəbdə yüksək qiymətlərlə oxuyan, 8-ci sinifdə ingilis dili fənn olimpiadasında məktəb birincisi, sonra Bakı şəhər birincisi seçilən N.Məmmədova BMU-ya 681 balla qəbul olub. Universitetdə oxuduğu müddətdə Tələbə Həmkarlar İttifaqının tərkibində olan bir neçə kluba üzv olub, həm elmi-praktiki, həm də sosial-ictimai layihələrdə və tədbirlərdə iştirak edib. Pandemiya dövrü ilə əlaqədar yaranan vəziyyətə baxmayaraq işləməyi qarşısına məqsəd qoyan N.Məmmədova Kapital Bankda, “Big Four” və “Grant Thornton Azerbaijan” audit şirkətlərində təcrübəçi kimi fəaliyyətə başlayıb, 1 ay sonra isə iş təklifi alıb.
Universitet birincisi olan tələbəmiz bu yolda onu dəstəkləyən, hər zaman ona dəstək olan ailəsinə və müəllimlərinə sonsuz təşəkkürlərini bildirib. O, daima Azərbaycanı və ailəsini layiqli şəkildə təmsil edəcəyini qeyd edib.
İctimaiyyətlə əlaqələr şöbəsi