Bakı Mühəndislik Universitetinin (BMU) İqtisadiyyat və idarəetmə fakültəsinin Mühasibat uçotu və audit ixtisasının tələbəsi Əhməd Əhmədov magistraturaya qəbul imtahanında yüksək nəticə göstərib. Belə ki, BMU tələbəsi 98 bal toplayaraq ölkə ikincisi olub.
Ə.Əhmədov Ucar rayon Bərgüşad kənd 1 nömrəli tam orta məktəbi bitirib. Orta məktəbdə oxuduğu müddətdə Coğrafiya fənnindən keçirilən olimpiadada respublika üçüncüsü seçilib. Eyni zamanda, “Xəmsə” Milli İntellektual Oyunu, “Breyn rinq” və “Nə? Harada? Nə zaman?” (Что? Где? Когда?) intellektual yarışmaların dəfələrlə qalibi olub.
Universitetlərarası keçirilən Məntiq olimpiadasının qalibi olan Ə.Əhmədov BMU-nun ictimai fəaliyyətlərində aktiv iştirak edib. O, Mühasibat uçotu və audit ixtisası üzrə Tələbə Gənclər Təşkilatının (TGT) sədri vəzifəsində çalışıb, həmçinin bir sıra tələbə klublarının rəhbərliyində təmsil olunub.
BMU-da təhsil aldığı dövrdə universitet kollektivindən çox dəyərlər öyrəndiyini qeyd edən Ə.Əhmədov ilk növbədə ixtisasını yetərincə yaxşı mənimsədiyini vurğulayıb və buna görə müəllimlərinə xüsusi təşəkkürünü bildirib.
BMU tələbəsi qeyd edib ki, universitet kifayət qədər dərs vəsaitləri ilə təmin olunan zəngin kitabxanaya, habelə müasir təhsilə imkan verən dərs otaqları və maddi-texniki bazaya malikdir.
Universitet müəllimlərinin tövsiyəsi əsasında ali təhsilin magistratura pilləsinə baş vurduğunu və kafedra tərəfindən daima dəstək aldığını diqqətə çatdıran Ə.Əhmədov magistratura təhsilini BMU-da davam etdirəcəyini, İstehsal sferasında mühasibat uçotu və audit ixtisasını (ingilis dilində) seçəcəyini açıqlayıb.
İctimaiyyətlə əlaqələr şöbəsi