Bakı Mühəndislik Universiteti (BMU) Texnoparkında tələbələrin irəli sürdüyü ideyalar əsasında formalaşdırılmış yeni startapların sərgisi keçirilib.
Sərgidə rektor Yaqub Piriyev, universitetin professor-müəllim heyəti, tələbələr, həmçinin Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı, “Sabah HUB” İnkubasiya Mərkəzi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyini təmsil edən əməkdaşlar və digər qonaqlar iştirak edib.
Tədbirdə qlobal startap ekosisteminin mənzərəsinə diqqət çəkən rektor innovativ siyasət və sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi məqsədilə dövlətimiz tərəfindən atılan məqsədyönlü addımları vurğulayıb. Azərbaycanın startap ekosistemində böyük imkanlar və potensialın olduğunu deyən rektor uğurlu startap layihələrinin maliyyələşdirilməsi, innovativ ideyaların biznesə çevrilməsi kimi məsələlərə toxunub. İnnovasiyaların ali təhsil ocaqlarınının, təşkilatların gələcək inkişaf üzrə strateji planlaşdırmasının ayrılmaz hissəsinə çevrildiyini deyən rektor BMU-da startapların inkişafı üçün fəaliyyətin daha da gücləndiriləcəyini bildirib.
Texnoparkın direktoru İsa Qasımov proqrama cəlb olunan startaplar haqda məlumatları diqqətə çatdırıb. Qeyd olunub ki, startapların inkişafı və onlara dəstək verilməsi məqsədilə inkubasiya proqramına start verilib. Startaplar işgüzar şəbəkə dəstəyi, marketinq, mühasibatlıq dərsləri, mentor təlimləri, investisiyaya və bazara çıxış kimi müxtəlif inkubasiya xidmətləri ilə təmin olunacaq.
Sonra Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkının İnkubasiya və Texnologiyaların Transferi Mərkəzinin müdiri Bünyamin Seyidov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin layihə üzrə mütəxəssisi Sevinc Əzizova startaplara dəstək, təmsil etdikləri qurumların bu sahədə inkişaf məqsədləri barədə fikirlərini bildiriblər.
Çıxışların ardınca sərgiyə baxış keçirilib. Sərgidə BMU tələbələri startaplar, layihələrin mahiyyəti, ideyanın biznesə çevrilmə imkanları və s. haqda ətraflı məlumat veriblər.
Sərgidə nümayiş olunan layihələr ziyarətçilər tərəfindən maraqla qarşılanıb.
İctimaiyyətlə əlaqələr şöbəsi