Bakı Mühəndislik Universitetinin (BMU) tələbələrinin 16 fevral 2021-ci il tarixində start verilən istehsalat və pedaqoji təcrübələri başa çatıb. Təqribən 3 ay davam edən istehsalat və pedaqoji təcrübələr mövcud pandemiya qaydalarına uyğun olaraq təşkil edilib.
Cari tədris ilində İqtisadiyyat və idarəetmə fakültəsi üzrə 323 tələbə, Memarlıq və inşaat fakültəsi üzrə 126 tələbə, Mühəndislik fakültəsi üzrə 255 tələbə, Tərcümə (ingilis dili) ixtisası üzrə 42 tələbə olmaqla cəmi 746 tələbə istehsalat təcrübəsinə göndərilib.
Tələbələr istehsalat təcrübəsini ixtisaslarına uyğun olaraq Sumqayıt Texnologiya Parkı, “Azertexnolayn” MMC, Veysəloğlu Şirkətlər Qrupu, Azərsun Holding, Azərsu ASC-nin müəssisələri, Bank of Baku, Kapital Bank, Azər Türk Bank, Elektron Hökumətin İnkişafı Mərkəzi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Aztelekom MMC, “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu, “Azərenerji” ASC, “Azərişıq” ASC, Abşeron Rayon İcra Hakimiyyəti, “Ramco” QSC, “Technol” MMC, Suraxanı Rayon Gənclər və İdman İdarəsi, Şəms və Avrasiya tərcümə mərkəzləri, “Azmarketing” MMC, NSP Solutions MMC, Park Hill Properties MTK, Ram LTD, A+CO MMC (Xırdalan şərab zavodu), Abşeron Logistika Mərkəzi, “Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı” QSC və s. müəssisələrdə keçiblər.
Pedaqoji fakültə üzrə 182 tələbə isə pedaqoji təcrübədə iştirak ediblər. Pedaqoji təcrübələr bir sıra lisey və məktəblərdə, o cümlədən İdrak liseyi, Avropa Azərbaycan məktəbi, Landau məktəbi, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi, Zirvə liseyi və Hədəf liseyində təşkil olunub.
Bundan əlavə müxtəlif ixtisaslar üzrə 2-ci kurs magistrantların elmi-tədqiqat təcrübəsi 16 fevral – 15 mart 2021-ci il tarixlərində, elmi-pedaqoji təcrübələri isə 17 mart – 13 aprel 2021-ci il tarixlərində baş tutub. Yaz semestrində təşkil olunan təcrübə proqramında Azərbaycan dili, Azərbaycan ədəbiyyatı, Dünya siyasəti, Beynəlxalq münasibətlər və diplomatiya, Metal konstruksiyaları və qurğular nəzəriyyəsi, Kompüter mühəndisliyi, İdarəetmədə informasiya sistemləri, Əsas üzvi sintezin kimyası və texnologiyası ixtisasları üzrə ümumilikdə 39 magistrant iştirak edib.
İctimaiyyətlə əlaqələr şöbəsi