Azərbaycan Respublikasının Mərkəzi Bankı və bir sıra bank-maliyyə qurumları tərəfindən həyata keçirilən “Maliyyə savadlılığı” silsilə tədbirləri çərçivəsində 25 yanvar-2 aprel 2021-ci il tarixlərində tələbələr üçün “Maliyyə savadlılığı: Peşəkar karyeraya aparan yol” adlı təlim proqramı həyata keçiriləcək. Bakı Mühəndislik Universitetinin (BMU) maliyyə-iqtisadiyyat sahəsində təhsil alan IV kurs və magistr tələbələri bu proqramda iştirak edə bilər.
Təlim proqramı 2 mərhələdən ibarətdir. 25 yanvar-26 fevral tarixlərində Mərkəzi Bank tərəfindən hazırlanmış onlayn kursları uğurla başa vurub sertifikat əldə etmiş tələbələr ikinci mərhələdə iştirak etmək hüququ əldə edəcəklər. İkinci mərhələdə isə tələbələr Mərkəzi Bankın bank-maliyyə qurumları ilə birgə təşkil etdiyi seminarlarda iştirak etmək imkanı qazanacaqlar.
Maraqlanan şəxslər qeydiyyat üçün CV-lərini 18 yanvar 2021-ci il tarixinədək maliyya_savadliligi@cbar.az ünvanına göndərməlidirlər. Əlavə suallar yarandığı halda +994 12 4935058 (daxili 767) nömrəsi ilə əlaqə saxlamaq (bazar ertəsi və çərşənbə günləri, saat 10:00-dan 17:00-dək) mümkündür.
Qeyd: Təlimlərin virtual və ya fiziki keçirilməsi həmin tarixlərdəki şəraitə uyğun olaraq müəyyən ediləcək.
İctimaiyyətlə əlaqələr şöbəsi