Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri “Tələbə baharı” XV Ümumrespublika tələbə yaradıcılıq festivalının seçim mərhələsində ən yüksək nəticə göstərərək I yeri tutublar. Belə ki, universitetin İqtsadiyyat və idarəetmə fakültəsinin Maliyyə ixtisası üzrə təhsil alan IV kurs tələbəsi Ləman Həmzəyeva və Mühəndislik fakültəsinin Sənaye mühəndisliyi ixtisası üzrə təhsil alan IV kurs tələbəsi Murad Zeynallı milli rəqslər (duet) nominasiyası üzrə ilk yerdə qərarlaşıblar.
“Tələbə baharı” Ümumrespublika tələbə yaradıcılıq festivalı Gənclər və İdman Nazirliyi tərəfindən 2007-ci ildən etibarən hər il ali təhsil müəssisələri arasında keçirilir. Festivalın keçirilməsində məqsəd yaradıcı və istedadlı gəncləri üzə çıxarmaq, onlara dövlət qayğısını artırmaq, yeni ünsiyyət və əlaqələrin formalaşdırılmasına şərait yaratmaq, tələbələin estetik tərbiyə sistemini təkmilləşdirməkdir.
Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi haqqında Prezident cənab İlham Əliyevin Sərəncamını rəhbər tutaraq bu il festival Nizami Gəncəvi yaradıcılığına həsr edilib.
İctimaiyyətlə əlaqələr şöbəsi