Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri “Mühəndislər üçün biznes təhsili” layihəsində iştirak etmək şansı qazanıblar. Layihənin əsas məqsədi mühəndislik ixtisası üzrə təhsil alan tələbələrin liderlik və idarəetmə bacarıqlarının inkişaf etdirilməsi və karyera imkanlarının artırılmasıdır.
Layihədə uğur qazanan tələbələrin qəbul olunması ilə əlaqədar proqramın açılış mərasimi keçirilib. Mərasimdə BMU-nun Müəssisələrlə əlaqələr və karyera Departamentinin direktoru Gülçöhrə İbrahimova iştirak edib.
Bakı Ali Neft Məktəbinin (BANM) və BP şirkətinin birgə təşkilatçılığı ilə reallaşdırılan layihənin növbəti kursu ingilis dilində aparılacaq. Layihədən BANM-nın tələbələri ilə yanaşı, Azərbaycanda mühəndislik ixtisası üzrə təhsil alan digər universitet tələbələri də yararlana biləcəklər.
Ümumilikdə, müxtəlif universitetlərdən 300-dən çox müraciət daxil olub və 80 nəfər tələbə proqrama qəbul olub.
Layihəyə qoşulmaqla tələbələr biznes sahəsində bilik və bacarıqlara yiyələnmək imkanı qazanacaqlar. Bununla yanaşı, tələbələr praktiki məşğələlərdə iştirak edəcək, BP və digər transmilli şirkətlərin aparıcı nümayəndələri ilə təcrübə mübadiləsi və müzakirə imkanlarına malik olacaq. Proqramın sonunda iştirakçılara müvafiq sertifikatlar veriləcək.
Qeyd edək ki, təlimlərin onlayn formada təşkil olunması nəzərdə tutulub.
İctimaiyyətlə əlaqələr şöbəsi