BMU tələbələri “I Beynəlxalq Proqramlaşdırma Düşərgəsi”ndə iştirak edib

22 Avqust 2023
BMU tələbələri “I Beynəlxalq Proqramlaşdırma Düşərgəsi”ndə iştirak edib

Bakı Mühəndislik Universitetinin (BMU) komandası “TechArena” (Huawei Brand) və “PAŞA Bank” ASC-nin sponsorluğu ilə keçirilən “I Beynəlxalq Proqramlaşdırma Düşərgəsi” adlı təlimdə iştirak edib.

11-20 avqust tarixlərində ADA Universitetində baş tutan proqramlaşdırma düşərgəsi 2023-2024-cü illərin Tələbələrin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin (ICPC) yarımfinalına və bu ilin noyabrında Misirdə keçiriləcək ICPC finallarına hazırlıq məqsədilə təşkil olunub.

Tədbirdə Azərbaycan, Belarus, Qazaxıstan və Gürcüstanın ali təhsil müəssisələrindən 14 komanda (hər komanda 3 tələbə və komanda rəhbəri ilə təmsil olunub), həmçinin bir məktəbli komandası iştirak edib. BMU təlimdə “BEU” komandası ilə (komanda rəhbəri Etibar Seyidzadə (Kompüter və informasiya texnologiyaları kafedrasının baş müəllimi, ICPC Azərbaycan üzrə regional direktor), Rauf Süleymanlı (ICPC Azərbaycan üzrə texniki komitənin rəhbəri), Nəriman Sayılov (Kompüter mühəndisliyi ixtisası, 3-cü kurs tələbəsi), Cavid Abdullayev (Kompüter mühəndisliyi ixtisası, 3-cü kurs tələbəsi), Muxammed Layıcov (Kompüter elmləri ixtisası, 3-cü kurs tələbəsi) təmsil olunub.

BMU ilə yanaşı, təlimə Azərbaycandan ADA Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universitetinin komandaları qatılıb.

Təlim müddətində hazırlıq xarakterli 6 müsabiqənin hər birində komandalara iştirakçı ölkələrin ekspertləri tərəfindən hazırlanmış 10-12 sayda alqoritmik məsələlərin həllərini 5 saat ərzində müxtəlif proqramlaşdırma dillərində tərtib edərək, eolymp.com avtomatik kod qiymətləndirmə sistemində sınaqdan keçirmə tapşırıqları verilib. Hər müsabiqə gününün sonunda yerli, xarici mütəxəssislər və iştirakçılar tərəfindən məsələlərin optimal həll alqoritmləri şərh olunub.

Təlimin sonunda iştirakçılara sertifikatlar və “PAŞA Bank” ASC-nin qiymətli hədiyyələri təqdim olunub.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər