“Google” şirkətinin Proqramçı Tələbələr Klubunun (Developer Student Clubs-DSC) Bakı Mühəndislik Universiteti (BMU) üzrə növbəti bir il üçün yeni rəhbəri seçilib. Belə ki, 2022/2023-cü tədris ilindən kluba rəhbərliyi BMU-nun Kompüter mühəndisliyi ixtisasının IV kurs tələbəsi Natavan Paşazadə həyata keçirəcək.
Klub universitetin Elm və innovasiya şöbəsinin tərkibində fəaliyyət göstərəcək. DSC sayəsində tələbələr öz təhsil mərkəzi ilə “Google” şirkəti arasında əməkdaşlıq əlaqələri yarada, eyni zamanda öz üzərilərində işləməklə daha da inkişaf edə, bununla da karyeralarına böyük töhfə verə biləcəklər. DSC fəaliyyət göstərdiyi müddətdə tələbələrin öz sahələri üzrə yeni bacarıq və biliklər qazanmasına xidmət edəcək. Bu prosesə müxtəlif yerli ekspertlərlə yanaşı, xarici ekspertlərin də cəlb edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, “Google” DSC Proqramçı Tələbələr Klubu tərəfindən yaradılan və tələbələr üçün təşkil olunan proqramdır. Klubda rəhbərlik bir il müddətinə təyin olunur. Bu müddət ərzində rəhbər və onun formalaşdırdığı klub yeni layihələr üstündə işləməli, innovativ tədbirlər həyata keçirməlidir. Komanda üzvləri istər texniki, istərsə də qeyri-texniki ixtisaslar üzrə təhsil alan tələbələr arasından seçilir. Seçim zamanı əsasən proqramçılara üstünlük verilir. Şərtlərə görə, cari ilin sonunda klublar innovativ həllərini “Google”a təqdim etməlidir. Bundan əlavə, klubların qarşısında qoyulan əsas tələblərdən biri də il ərzində mütəxəssislərlə və ya öz komandası arasında aktiv olaraq ən azı ayda bir dəfə tədbirin (seminar, vebinar və s. ) təşkil edilməsidir.
Kluba üzv olmaq və ya əlavə məlumat almaq istəyənlər (+994) 50 497 12 70 nömrəsi ilə əlaqə saxlaya bilərlər.
İctimaiyyətlə əlaqələr şöbəsi