BMU tələbələri “Azertexnolayn” MMC-də təlim-tədris ekskursiyasında olublar

15 Mart 2023
BMU tələbələri “Azertexnolayn” MMC-də təlim-tədris ekskursiyasında olublar

Bakı Mühəndislik Universitetinin (BMU) müəllim və tələbə heyəti “Azertexnolayn” MMC-də təlim-tədris ekskursiyasında olublar.

BMU-nun Mühəndislik fakültəsinin tədris işləri üzrə dekan müavini, dosent Osman Mirzəyev, Mexanika kafedrasının müdiri, dosent Asif Quliyev, fakültənin müəllimi, dosent Vurğun Qəhrəmanovun rəhbərliyi ilə Maşın mühəndisliyi ixtisası üzrə təhsil alan III kurs tələbələrinin iştirak etdiyi ekskursiya “Tökmə istehsalının əsasları” fənni üzrə praktiki dərsin istehsalat şəraitində tətbiqi məqsədilə reallaşdırılıb.

MMC-nin məsul şəxsləri ilə görüşən və istehsalat sahələri ilə tanış olan BMU heyətinə zavod haqqında ətraflı məlumat verilib. Qeyd edilib ki, “Azərtexnolayn” 2012-ci ilin fevral ayında Sumqayıt Kimya Sənaye Parkının (SCİP) ərazisində fəaliyyətə başlayan ilk rezident olaraq sənaye sahəsində mühüm layihələr həyata keçirir, həmçinin ölkəmizdə sənaye infrastrukturunun inkişafı, mövcud potensialın daha da möhkəmlənməsi və müasirləşməsi istiqamətində mühüm rol oynayır. Şirkətin nəzdində polad boru, politilen məmulatlar və çuqun tökmə zavodları fəaliyyət göstərir. Bu zavodlarda istehsal olunan mallar dünyanın bir çox ölkələrinə ixrac olunur.

Sonra tələbələrə fənn müəllimi və istehsalat işçilərinin təlimatı ilə “Çuqun tökmə” sexində tədris proqramına uyğun praktiki dəslər keçirilib. 

Qeyd edək ki, “Azərtexnolayn” ilə BMU arasında əməkdaşlığa əsasən, gələcəkdə Maşın mühəndisliyi və Mexanika mühəndisliyi ixtisasları üzrə müvafiq ixtisas fənlərindən bəzi praktiki dərs və seminarların MMC-də təşkili nəzərdə tutulur.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər