BMU rektoru Koreyada təhsillərini davam etdirəcək 114 tələbə ilə görüşüb

13 Avqust 2025
BMU rektoru Koreyada təhsillərini davam etdirəcək 114 tələbə ilə görüşüb

Bakı Mühəndislik Universiteti ilə İNHA Universiteti arasında icra olunan beynəlxalq ikili diplom proqramı (BMU-İNHA İDP) çərçivəsində təhsillərini Koreya Respublikasında davam etdirəcək 114 tələbə və onların valideynləri ilə görüş keçirilib.

Görüşdə rektor Yaqub Piriyev təhsillərini uğurla başa çatdıraraq sonuncu kursu İNHA Universitetində davam etdirməyə hazırlaşan tələbələri təbrik edib. Rektor “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın əhəmiyyətindən, dövlət vəsaiti hesabına gənclərə xarici ölkələrin nüfuzlu universitetlərində yaradılan təhsil imkanlarından danışıb.  Bildirib ki, Prezident İlham Əliyevin ötən ay imzaladığı “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamla proqramın icra müddəti 2030-cu ilədək uzadılıb və beynəlxalq ikili diplom proqramlarının sayı 8-ə çatdırılıb. İnsan kapitalının inkişafını əsas tutan bu proqramların icrasının davam etdirilməsinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirən Yaqub Piriyev  qlobal çağırışlara uyğun olaraq yeni texnologiyaları öyrənən, praktiki bilik və bacarıqlara yiyələnən, müasir və gələcək əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli peşəkar kadrların ölkəmizin inkişafına töhfə verəcəyinə əminliyini vurğulayıb. Əlavə edib ki, BMU-İNHA İDP hər bir tələbəyə peşəkar mühəndis kadrlar kimi yetişmək, Cənubi Koreyanın təhsil təcrübəsini öyrənmək, o cümlədən bu ölkənin nüfuzlu şirkətləri ilə yaxından tanış olmaq, beynəlxalq tələbə mühitində dostlar qazanmaq, xüsusilə 4 ildə iki diploma sahib olmaq fürsəti yaradır. Rektor İNHA Universitetinin bu proqramın məzunlarına magistratura təhsili üçün yaratdığı imkanları da diqqətə çatdırıb və bunu təhsil nəticələri yüksək olan hər bir gənc üçün əlverişli şərait kimi qiymətləndirib. Habelə tələbələri Koreyada təhsillərində intizamlı olmağa, qayda-qanunlara riayət etməyə, ölkəmizin adını uca tutmağa, Azərbaycanın Koreyadakı səfirliyinin keçirdiyi tədbirlərdə fəal olmağa çağıran Yaqub Piriyev onlara yaxşı mütəxəssis kimi yetişmək üçün bir sıra gərəkli tövsiyələr də verib. 

Sonra BMU-İNHA İDP-nin rəhbər heyəti tərəfindən tələbələr və onların valideynləri  səfərin zəruri prosedurları barədə məlumatlandırılıb, habelə tədris prosesinə dair vacib məqamlar diqqətə çatdırılıb.  

Proqrama üçüncü il qəbulun - 2022/2023-cü tədris ilinin 114 tələbəsi IV kurs üzrə təhsilini İNHA Universitetində davam etdirmək üçün 15-19 avqust tarixlərində Koreya Respublikasına yola düşəcək. 3+1 modelinə əsaslanan bu proqram çərçivəsində tələbələr ilk 3 ili BMU-da, sonuncu ili isə İNHA Universitetində oxuyurlar. Cari il sentyabr ayının 1-dən təhsillərinə İNHA-da davam edəcək tələbələr 20 avqustdan etibarən intensiv baza hazırlıq dərslərinə qatılacaqlar.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər