BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Bakıda dünyanın ən nüfuzlu reytinq cədvəllərindən biri olan “QS dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısı: dayanıqlılıq 2025”in nəticələri açıqlanıb. Bakı Mühəndislik Universiteti (BMU) QS dayanıqlılıq reytinqində Azərbaycan universitetləri arasında dördüncü yerdə qərarlaşıb. Ötən il yalnız 2 yerli ali təhsil müəssisəsinin təmsil olunduğu reytinq cədvəlinə bu il ilk dəfə ölkəmizin 7 ali təhsil ocağı-Bakı Dövlət Universiteti (941-950), Azərbaycan Dövlət İqtisad Universiteti (1081-1100), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (1351-1400), Bakı Mühəndislik Universiteti (1451-1500), Azərbaycan Texniki Universiteti (1501+), Azərbaycan Memarlıq və İnşaat Universiteti (1501+) və Xəzər Universiteti (1501+) daxil olub.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və QS-nin (Quacquarelli Symonds) təşkilatçılığı ilə keçirilən tədbirdə reytinqdə uğur qazanan BMU-nun rektoru Yaqub Piriyevə “Dünya Universiteti Reytinqi: Dayanıqlılıq reytinqi 2025” sertifikatı təqdim edilib.
Qeyd edək ki, BMU son illərdə dayanıqlı inkişafın təşviqi istiqamətində sistemli işlər aparıb, ətraf mühit strategiyası üzrə mühüm addımlar atıb. Universitet “Enerji səmərəliliyi”, “Dayanıqlı nəqliyyat sistemi”, “Tullantıların azaldılması və təkrar emalı”, “Dayanıqlı qida sistemlərinə keçid” və s. istiqamətlər üzrə bir sıra tədbirlər reallaşdıraraq, qlobal iqlim dəyişikliyinin yaratdığı problemlərin aradan qaldırılmasına mühüm töhfələr verir, bərpa olunan enerji mənbələrinin istifadəsi üzrə tullantıların azaldılması, təkrar emalı üçün kampus daxilində tullantıların minimuma endirilməsi və çeşidlənməsini həyata keçirir. Ali məktəbin ərazisində günəş panelləri, külək turbinləri quraşdırılıb, habelə kampusda yaşıl sahələrin inkişaf etdirilməsi və qorunması istiqamətində məqsədyönlü işlər görülür. BMU-nun “QS dayanıqlılıq reytinqi 2025”də qazandığı mühüm nailiyyət bütün bu işlərin uğurlu nəticəsidir.
İctimaiyyətlə əlaqələr şöbəsi