Bakı Mühəndislik Universiteti (BMU) əməkdaşlarının nəşr aktivliyi, eləcə də nüfuzlu elmi jurnallarda resenziyaçı olma statistikası üzrə ölkə üzrə qabaqcıl mövqe tutur. Belə ki, BMU məşhur Web of Science portalının Publons bazasında elmmetrik göstəricilərə görə Azərbaycan ali təhsil müəssisələri üzrə ikinci yerdə qərarlaşıb. Universitet əməkdaşlarının bir çox impakt faktorlu beynəlxalq elmi jurnalların nəşr heyətində yer alması və bu jurnallarda nəşr edilən məqalələrin resenzisti-rəyçisi olaraq fəaliyyəti təkcə BMU üçün deyil, eyni zamanda Azərbaycan elmi üçün böyük uğurdur. Elmi fəaliyyətdəki aktivliyin nəticəsidir ki, BMU beynəlxalq universitet reytinqində əhəmiyyətli irəliləyişlər əldə edib və yaxın zamanlarda ən etibarlı universitet reytinq siyahılarında ilk minlikdə yer almasına ümid edilir.
https://publons.com/institution/20327/
https://publons.com/institution/?country=44&order_by=num_reviews_last_one_year
2020-ci ildə BMU əməkdaşlarının impakt faktorlu jurnallarda 50-dən çox məqaləsi nəşr olunub. Əməkdaşlarımızın Web of Science sistemindəki nəşr olunan 167 məqaləsinə 578 istinad qeydə alınıb. Məqalə başına istinadın 3.5 olması isə Azərbaycan universitetləri arasında ən yaxşı göstəricilərdən biridir. Eyni zamanda, Web of Science sisteminin başqa bir elmmetrik portalı olan Publons bazasında ölkələrin və universitetlərin nəşr aktivliyi ölçülür.
Elmi-tədqiqatlar universitetlərin tədris fəaliyyəti ilə yanaşı, ən əhəmiyyətli vəzifələrindəndir. Bu tədqiqatların ölkə iqtisadiyyatının inkişafında rolu danılmaz həqiqətdir. Elm və innovasiya fəaliyyəti ölkənin ÜDM, iqtisadi böyümə və dayanıqlı inkişaf və digər iqtisadi göstəricilərinin artmasının katalizatorlarındandır. Müasir dövrümüzdə ölkə elminin inkişaf dinamikasını müxtəllif elmmetrik bazalarındakı nəşr və ona istinadlarla ölçülür. Bu bazaların statistikaları, həmçinin universitetlərin beynəlxalq reytinqinin ölçülməsində əhəmiyyətli komponentlərdən biri, hətta birincisidir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2015-ci ildən dünyanın ən böyük elektron elmi-analitik informasiya bazası olan “Clarivate Analytics” (əvvəlki adı “Thomson Reuters”) şirkəti arasında imzalanan əməkdaşlıq sazişindən sonra respublika ali məktəblərində elmi aktivlik əhəmiyyətli dərəcədə artıb. 2020-ci ildə də Azərbaycan Cənubi Qafqaz ölkələri arasında lider mövqeyini qoruyub. Web of Science elmi bazasında ümumilikdə ali təhsil müəssisələri tərəfindən 1000-ə yaxın məqalə nəşr olunub. Bu uğurda BMU əməkdaşlarının payı böyükdür.
İctimaiyyətlə əlaqələr şöbəsi