Bakı Mühəndislik Universitetinin (BMU) Pedaqoji fakültəsinin İbtidai sinif müəllimliyi ixtisasının IV kurs tələbəsi Nuranə Mirhüseynli “Azərbaycan naminə” adlı esse yazı müsabiqəsinin qalibləri sırasında yer alıb. Belə ki, BMU-nun tələbəsi 2016-cı il 1-4 aprel tarixində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərin 4-cü ildönümünə həsr olunmuş müsabiqədə III yerə layiq görülüb.
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə keçirilən yazı müsabiqəsində ümumilikdə 10 universitet təmsil olunub.
Qeyd edək ki, “Vətənpərvərlik və şəhidlik zirvəsi”, “Azərbaycançılıq məfkurəsi” və “Mənəvi dəyərlərimiz” mövzuları üzrə keçirilmiş yazı müsabiqəsində tələbələr fəal iştirak edib, hər üç mövzu ətrafında ümumilikdə 323 mövzu münsiflər tərəfindən dəyərləndirilərək müsabiqəyə qəbul edilib. Münsiflər komissiyası tərəfindən esselərin hər biri hərtərəfli, obyektiv yoxlanılıb və hər bir münsif tərəfindən ən yüksək nəticə əldə edən tələbələr müsabiqənin qalibləri adını qazanıblar.
İctimaiyyətlə əlaqələr şöbəsi