Mayın 1-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Nəsimi ili” çərçivəsində “Tələbə baharı” ümumrespublika tələbə yaradıcılıq festivalının qala-konserti keçirilib.
Tədbirdə Birinci vitse-prezidentin köməkçisi, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, Gənclər və idman nazirinin müavini İntiqam Babayev, digər dövlət və hökumət rəsmiləri, deputatlar, Bakı Mühəndislik Universitetinin rektoru, professor Havar Məmmədov və universitetin festivalda mükafata layiq görülmüş özfəaliyyət kollektivi iştirak edib.
“Tələbə baharı” ümumrespublika tələbə yaradıcılıq festivalının qala-konsertində tələbələr müzikl-tamaşalar nümayiş etdiriblər.
Qeyd edək ki, “Tələbə baharı” ümumrespublika tələbə yaradıcılıq festivalı Gənclər və İdman Nazirliyi tərəfindən 2007-cı ildən etibarən ali təhsil müəssisələrinin tələbələri arasında hər il keçirilir. Bu il aprelin 2-3-də festivalın seçim mərhələləri keçirilib. Seçim turlarında 18 ali təhsil müəssisəsindən 800-ə yaxın tələbə müxtəlif nominasiyalar, musiqi (xalq mahnıları, klassik musiqi, estrada musiqisi, pop musiqisi, muğam, rok) və rəqs (milli rəqslər (kollektiv, solo), müasir rəqslər (kollektiv, solo), dünya xalqlarının rəqsləri janrlarında istedad və bacarıqlarını nümayiş etdiriblər.
Azərbaycan Dövlət Rus Dram Teatrında keçirilən festivalda BMU-nun tələbələri milli rəqs (solo), müasir rəqs (kollektiv) və klassik musiqi nominasiyaları üzrə II yerə layiq görülüblər.
Sonda festivalın qaliblərinə Gənclər və İdman Nazirliyinin və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının diplomları və xatirə hədiyyələri təqdim olunub.