Türkmənistan dövlətinin başçısı Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə hər il 7 aprel Türkmənistanda – Dünya Sağlamlıq Günü münasibətilə “Sağlamlıq və xoşbəxtlik” aylığı keçirilir.
Bu məqsədlə aprelin 18-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) idman kompleksində tələbələr arasında futbol, qısa məsafələrə qaçış və turnikdə dartınma üzrə idman yarışlarına start verilib. Yarışlar Türkmənistanın Azərbaycan Respublikasındakı səfirliyi və AzMİU tərəfindən ölkəmizin paytaxtındakı digər ali məktəblərin təşkilati dəstəyi ilə keçirilir.
Tədbirdə AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova, Türkmənistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məkan İşanquliyev, Bakı Mühəndislik Universitetinin prorektoru Bayram Hüseynzadə və digər təhsil müəssisələrinin nümayəndələri iştirak edib.
Tədbirin açılışın hissəsində çıxış edən qonaqlar hər il keçirilən bu genişmiqyaslı bədən tərbiyəsi-sağlamlıq və ictimai-mədəni aksiya gənc nəslin sağlamlığının qorunub saxlanılması və idman hərəkatının inkişaf etdirilməsi üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd ediblər. Bildiriblər ki, bu tipli tədbirlər sağlam həyat tərzi siyasətinin inkişafına, bədən tərbiyəsi və idmanın təbliğinə, səhiyyə və idman sahəsində beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə xidmət edir.
Qeyd edək ki, bu idman yarışlarında Azərbaycan Memarlıq və İnşaat Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Sumqayıt Dövlət Universitetinin, Bakı Mühəndislik Universitetinin tələbələrindən ibarət komandalar, habelə Azərbaycanda təhsil alan Türkmənistan vətəndaşlarından ibarət “Yaşlık” komandası iştirak edib.
“Sağlamlıq və xoşbəxtlik” devizi altında keçirilən futbol yarışının final mərhələsində BMU-nun və AzMİU-nun komandaları qarşılaşıb. Heç-heçə başa çatan oyunda yarışın qaydasına uyğun olaraq top fərqi ilə BMU-nun komandası II yerə layiq görülüb.
Yarışların qaliblərinə və fəal iştirakçılarına Türkmənistanın Azərbaycandakı səfirliyi adından kuboklar, fərmanlar və xatirə hədiyyələri təqdim edilib.