Bakı Mühəndislik Universitetinin (BMU) Kompüter mühəndisliyi ixtisasının III kurs tələbələri Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin birgə təşkilatçılığı ilə Quba rayonunda keçirilən “IT Camp Hackathon 2022” yaz düşərgəsinə qatılıblar.
Tədbirin təşkilində əsas məqsəd informasiya texnologiyaları sahəsində təhsil alan tələbələrin yarışma vasitəsilə bilik və bacarıqlarını artırmaq, eləcə də tələbələr arasında əməkdaşlıq, komanda quruculuğu kimi xüsusiyyətlərin gücləndirilməsidir.
BMU tələbələri yaz düşərgəsində iştirak etmək üçün təşkil edilən imtahandan uğurla keçiblər. Seçilən tələbələr Gülnar Məmmədli, Aybəniz Məmmədova, Nəzrin Əliyeva “verilənlər bazası” üzrə, Məhəmməd Nəsibov “front-end”, Əmral Rəsulov isə “backend” istiqamətində iştirak edib. Ümumi universitetlər üzrə verilənlər bazasına əsasən seçilən 7 tələbədən 3-ü BMU-nun tələbəsi olub.
Sonda tələbələr yaz düşərgəsində fəal iştiraklarına və səmərəli fəaliyyətlərinə görə sertifikatlarla təltif olunublar.
İctimaiyyətlə əlaqələr şöbəsi