Bakı Mühəndislik Universitetinin (BMU) rektoru, professor Havar Məmmədov Türkiyə Respublikasının Samsun şəhərində keçirilmiş Aerokosmik və texnologiya festivalında (“TEKNOFEST-2022 Qara Dəniz”) iştirak etmiş universitetin Mühəndislik fakültəsinin II kurs tələbəsi Nadir Daşdıyevlə görüşüb.
Görüşdə bildirilib ki, “TEKNOFEST-2022”-də Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə təşkil olunan milli pavilyonda BMU-nun layihələri xüsusi diqqət çəkib. Azərbaycanın milli stendinə baxış keçirən Türkiyənin müdafiə sənayesi naziri İsmail Demir, Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) prezidenti, professor Hasan Mandal, eyni zamanda Türkiyə şirkətləri, startaplar BMU-nun “RED” komandasının layihəsi ilə yaxından maraqlanıblar. Sərgidə komandanı təmsil edən BMU tələbələri (Nadir Daşdıyev və Mühəndislik fakültəsinin IV kurs tələbəsi Bikə Məmmədzadə) layihə haqda sərgi iştirakçılarına ətraflı məlumat veriblər.
Bu il mayın 26-29 tarixlərində “TEKNOFEST Azərbaycan” festivalında Robotexnika kateqoriyası üzrə "RED" komandasının layihəsinin birinci yerin qalibi olduğunu xatırladan Havar Məmmədov BMU-da tələbələrin innovativ təşəbbüs və layihələrinin hər zaman dəstəkləndiyini vurğulayıb. Rektor Türkiyədə keçirilən festivalda komanda üzvlərinin uğurla təmsil olunduğunu önə çəkib və tələbələrə bundan sonrakı fəaliyyətlərində də hər zaman dəstəyin göstəriləcəyini qeyd edib.
Görüşün sonunda rektora “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarın BMU tələbələri üçün imzaladığı “Bayraktar TB2” maketi təqdim edilib.
Qeyd edək ki, “TEKNOFEST-2022 Qara Dəniz” çərçivəsində təşkil olunan yarışlarda 107 ölkədən müxtəlif komandalar iştirak edib.
İctimaiyyətlə əlaqələr şöbəsi