Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Yaqub Piriyev Gənclik Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə ali təhsil müəssisələri arasında keçirilmiş şahmat idman növü üzrə Respublika Çempionatında III yerin qalibi olan komandanın üzvləri ilə görüşüb.
Azərbaycanda böyük ənənələri olan şahmatın inkişafı istiqamətində dövlət səviyyəsində görülən işləri vurğulayan Yaqub Piriyev ölkəmizdə yeni şahmat məktəblərinin istifadəyə verildiyini, şahmatın inkişafı ilə bağlı Dövlət Proqramının qəbul edildiyini deyib. Eyni zamanda şahmatçılarımızın beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edərək yüksək nəticələrə nail olduqlarını bildirib.
BMU komandasını qazandıqları uğur münasibətilə təbrik edən Yaqub Piriyev sağlam həyat tərzinin təbliğinə xidmət edən belə yarışların tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi ilə yanaşı, onların hərtərəfli şəxsiyyət kimi formalaşmalarına müsbət təsir göstərdiyini söyləyib. Rektor, xüsusən şahmatın təhsilalanların fərdi inkişafındakı rolunu önə çəkib və intellektual rəqabətin yaranması, düşüncə tərzinin inkişafı kimi müsbət keyfiyyətlərə yol açdığını bildirib.
Sonra şahmat idman növü üzrə komandanın üzvləri-İlyas Qarayev (informasiya texnologiyaları ixtisası, II kurs), Ayxan Əlizadə (komputer mühəndisliyi ixtisası, IV kurs), Tural Əliyev (informasiya texnologiyaları ixtisası, II kurs), Mələk İsmayıl (dizayn ixtisası III kurs), Jalə Kərimli (elektrik və elektronika mühəndisliyi ixtisası, II kurs) çıxış ediblər.
Tədbirdə tələbələrin qazandıqları digər nailiyyətlər də diqqətə çatdırılıb. Qeyd edilib ki, komandanın üzvü Mələk İsmayıl beynəlxalq dərəcəli şahmatçı, qadınlar arasında FİDE ustasıdır. O, 8 Noyabr-Zəfər Gününə həsr olunmuş açıq şahmat birinciliyinin kubokunu qazanaraq turnirin qalibi (I yer) olub. Həmçinin 2023-cü ilin noyabr ayında Almaniyanın Münster şəhərində keçirilən şahmat üzrə beynəlxalq turnirdə yeganə azərbaycanlı təmsilçi kimi ilk yeri tutub. Mələk İsmayıl dekabr ayında İspaniyada qadınlar arasında təşkil olunan yarışda isə III yerə layiq görülüb.
BMU-nu müxtəlif təyinatlı müsabiqə və yarışlarda təmsil edən tələbələrin müvəffəqiyyətlərinin qürurverici olduğunu vurğulayan rektor onların fəaliyyətinin hər zaman diqqətdə saxlanıldığını, eləcə də ali təhsil müəssisəsində daha əlverişli şəraitin yaradılması üzrə işlərin davam etdirildiyini nəzərə çatdırıb.
Sonda qalib komanda üzvlərinə fəxri fərmanlar təqdim olunub.
İctimaiyyətlə əlaqələr şöbəsi