Hörmətli həmkarlar və əziz tələbələr!
Sizləri müqəddəs Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə, yaxınlarınıza ən xoş arzu və diləklərimi çatdırıram.
Bütün dünyada koronavirus pandemiyasının yaratdığı çətinliklərə rəğmən, insanlarımızın təhlükəsizliyinin və sağlamlığının yüksək səviyyədə qorunduğu Azərbaycanda Ramazan bayramı xoş ovqatla qeyd edilir. Vətəndaşlarımız builki Ramazan ayını ikiqat sevinc duyğuları ilə başa vurur. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əzəli torpaqlarımız işğaldan azad olundu, tarixi Zəfərə imza atıldı. Xalqımız bu müqəddəs günlərdə bunun üçün Uca Yaradana şükrlər edir, şəhidlərimizin ölməz ruhuna dualar oxuyurlar!
Dinlərarası həmrəylik və əməkdaşlıq məkanına çevrilən Azərbaycan dövləti multikulturalizm, humanizm ideyalarının bərqərar olmasında, tolerantlıq ənənələrinin daha da möhkəmləndirilməsində mühüm rola malikdir. Faşist xislətli ermənilərin işğal zamanı dağıtdığı məscidlərimizdə və digər xalqlara məxsus dini ibadət yerlərində başladılan bərpa işləri tarixin müxtəlif mərhələlərində çətin sınaqlar qarşısında qalan xalqımızın öz adət-ənənələrinə, islam dininin, o cümlədən digər dinlərin dəyərlərini qoruyub yaşatmasına, müxtəlif mədəniyyətlərin daha da zənginləşməsinə öz mühüm töhfəsini verməsinin daha bir əyani sübutudur. İslam sivilizasiyasının tarixi-mədəni mərkəzlərindən biri olmuş Azərbaycanda bu gün atılan addımlar bütövlükdə dünyada qarşılıqlı hörmət və etimada söykənən əlaqələrin inkişafına xidmət etməkdədir.
Hörmətli həmkarlar və əziz tələbələr!
Sizləri bir daha müqəddəs Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, bu müqəddəs bayram günlərində etdiyiniz duaların, saf niyyətlərin Tanrı dərgahında qəbul olunmasını arzulayıram!
Ramazan bayramınız mübarək!