Hörmətli həmkarlar və əziz tələbələr!
Sizləri müqəddəs Ramazan bayramı münasibətilə təbrik edir, hər birinizə, ailənizə, yaxınlarınıza xoşbəxtlik, ruzi - bərəkət, tutulan oruc və edilən dualarınızın qəbul olunmasını arzulayıram!
Savab və ülfət ayı olan Ramazanın özünəməxsus xüsusiyyətləri var. İnsanların qəlbini nurlandıran, onları əmin-amanlığa, birliyə, əxlaqi saflığa, mənəvi zənginliyə çağıran Ramazan bəşər övladına xeyirxahlıq və yardımlaşma kimi ülvi hissləri təlqin edir.
Tarixin müxtəlif mərhələlərində çətin sınaqlar qarşısında qalan xalqımız öz adət-ənənələrini, o cümlədən, islam dininin dəyərlərini qoruyub yaşatmış, bu mədəniyyətin daha da zənginləşməsinə öz töhfələrini vermişdir. Milli-mənəvi və islami dəyərlərə sadiqliyi ilə seçilmiş, islam sivilizasiyasının tarixi-mədəni mərkəzlərindən biri olmuş Azərbaycanda bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə atılan addımlar dünyada İslam həmrəylyinin möhkəmləndirilməsinə, müsəlman xalqları arasında qarşılıqlı hörmət və etimada söykənən əlaqələrin inkişafına xidmət etməkdədir. Dinlərarası həmrəylik və əməkdaşlıq məkanına çevrilən, multikulturalizm və humanizm ideyalarının bərqərar olmasında müstəsna rol oynayan ölkəmizdə tolerantlıq ənənələri daha da möhkəmləndirilib, eyni zamanda, yeni məscid və dini ibadət yerləri inşa olunub.
Hörmətli həmkarlar və əziz tələbələr!
Bütün dünyada koronavirus pandemiyasının yaratdığı sıxıntılara baxmayaraq, əmin-amanlığın, sabitliyin bərqərar olduğu, insanlarımızın təhlükəsizliyinin və sağlamlığının yüksək səviyyədə qorunduğu ölkəmizdə mübarək Ramazan bayramı bu il də böyük fərəh hissi ilə qeyd olunur, vətəndaşlarımız məmnuniyyətlə bayram sevincini bölüşürlər.
Sizləri bir daha müqəddəs Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə cansağlığı, uzun ömür, əmin-amanlıq, elmin və təhsilin inkişafı yolunda yeni-yeni uğurlar arzulayıram! Ramazan bayramınız mübarək olsun!