BMU-nun rektoru Prezidentin müvafiq Sərəncamı ilə təltif edilən müəllimlərlə görüşüb

14 Noyabr 2022
BMU-nun rektoru Prezidentin müvafiq Sərəncamı ilə təltif edilən müəllimlərlə görüşüb

Azərbaycan Prezidentinin 4 oktyabr 2022-ci il tarixli Sərəncamına əsasən təltif edilmiş təhsil işçilərinin siyahısında yer alan Bakı Mühəndislik Universitetinin (BMU) müəllimləri ilə görüş keçirilib.

BMU-nun rektoru, professor Havar Məmmədov ali təhsil ocağının müəllimlərinin Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq “Tərəqqi” medalı ilə təltif edilməsinin önəmini vurğulayıb. Dövlət tərəfindən elm və təhsil işçilərinin əməyinin daim yüksək qiymətləndirildiyini, Azərbaycan Prezidentinin bu sahəyə hər zaman xüsusi diqqətlə yanaşdığını bildirən rektor müəllimlərin üzərinə düşən məsuliyyət, öhdəlik və vəzifələrə toxunub.

Rektor dövlət başçımızın rəhbərliyi ilə son illər milli təhsil sisteminin daha da inkişafı, müasirləşdirilməsi, təhsil işçilərinin cəmiyyətdəki layiqli yeri və mövqeyinin möhkəmləndirilməsi, həmçinin onların sosial müdafiə sisteminin etibarlı təmini sahəsində həyata keçirilən mühüm tədbirləri diqqətə çatdırıb.

Sonra beynəlxalq və respublika fənn olimpiadalarının keçirilməsində və şagirdlərin hazırlığı sahəsində xüsusi nailiyyətləri ilə fərqləndiklərinə görə təltif edilən BMU-nun 3 əməkdaşı - Peqadoji fakültənin dekanı Elşad Abdullayev, Mühəndislik fakültəsinin Kompüter və informasiya texnologiyaları kafedrasının baş müəllimi Etibar Seyidzadə və Kimya-biologiya kafedrasının dosenti Rəşad Səlimov layiq görüldükləri yüksək mükafata görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

BMU əməkdaşları verilən dəyərin onların gələcək fəaliyyətinin inkişafı istiqamətində stimullaşdırıcı amil olduğunu qeyd edərək, qarşılarına qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlməyə calışacaqlarını və etimadı doğruldacaqlarını vurğulayıblar.

Görüşün sonunda rektor hər üç əməkdaşa hədiyyələr təqdim edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər