BMU-nun qalib komandaları mükafatlandırılıb

30 İyun 2025
BMU-nun qalib komandaları mükafatlandırılıb

Akademik sahibkarlıq əsaslı startap və inkubasiya proqramı (ASSİP) layihəsi çərçivəsində təşkil edilən “İnkubasiya1” proqramı başa çatıb. Bu münasibətlə təşkil edilən “Demoday 1”də 7 startapın MVP-ləri (Minimum Viable Product) təqdim edilib. Startaplar münsiflər heyəti tərəfindən qiymətləndirilib və Bakı Mühəndislik Universiteti (BMU) tələbələrinin I yeri qazanan “Green Guest” startap komandasına (Şərif Şirəliyev, Qurban Yusufov, Laman Omarova, Şəhla Uralova, Aysun Eminli, İlafər Əzizli) 15000, II yerə layiq görülən “Brain Battle” komandasına (BMU-İNHA İDP-nin 3-cü kurs tələbələri Həsən Bədəlli, Ləman Gəncəli, Fərid Kərimli, Amin Xəlilzadə və Qədir Rəhmətov) 12000, III yerə çıxan  “Bioplastik” komandasına (Pünhan Camalov, Məhəmməd Quliyev, Mirsadiq Miriyev, Eltun Ağabalayev, Orxan Əhmədzadə) 9000 manat pul mükafatı verilib. Ayrılan mükafatlar startapların inkişafı məqsədini daşıyır.

Məlumat üçün bildirək ki, ASSİP çərçivəsində 2024-cü il oktyabr ayında (35 nəfər müəlimin iştirakı ilə) Təlimçilərin hazırlığı (ToT1), 2025-ci il 15-16 fevral tarixlərində isə “Hakaton1” təşkil edilib. “Hakaton1”də təqdim edilən 22 startapdan ən uğurlu 10 startap “İnkubasiya1” proqramına cəlb olunub. Bu startaplardan 7-si (“EcoRadSo”, “Green Guest”, “BrainBattle”, “Bioplastic”, “EcoZIB”, “Whatshop” və “Zermy”) MVP hazırlayaraq “Demoday”a vəsiqə qazanıb. 7 startap komandasının üzvlərinə İnkubasiya proqramından məzun olduqlarına görə sertifikatlar təqdim edilib.

Hazırda ASSİP çərçivəsində 2-ci ToT və 2-ci Hakatonun keçirilməsi üçün hazırlıq işləri görülür.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi və BMU Texnoparkının tərəfdaşlığı ilə icra olunan ASSİP akademik sahibkarlıq bacarıqlarını inkişaf etdirməklə innovasiya ekosistemi üçün müəllim-mentorların hazırlanması və nəticədə bazara yeni startapların qazandırılmasını gerçəkləşdirmək məqsədlərini daşıyan layihədir.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər